QafqazNews Konkret.az-a istinadən xəbər verir ki, Almaniyanın müdafiə naziri Boris Pistorius Avropa ölkələrinin Ukraynadakı müharibənin sona çatdırılması məqsədilə Moskvanın danışıqlar dəvətini qəbul etməsini dəstəkləyir.
Nazir hesab edir ki, Moskvanın dialoq təklifini qəbul etməmək yanlış mesaj olardı. Onun sözlərinə görə, nəticəyə aparan yeganə yol danışıqlardır.
“Putin ilk siqnalları verərək avropalıları Moskvaya çağırırsa, bunu yalnız müsbət qiymətləndirmək mümkündür”, – Pistorius bildirib.
Bununla yanaşı, müdafiə naziri bəyanatlardan çox konkret addımların əhəmiyyət daşıdığını vurğulayıb. O, istənilən danışıqların başlanması üçün atəşkəsi əsas şərt kimi göstərib.
“Bir tərəfdən atəş açmağı davam etdirib, digər tərəfdən isə nəyisə müzakirə etmək istədiyini göstərmək qəbuledilməzdir”, – deyə nazir qeyd edib.
Ukrayna Prezidenti Volodimir Zelenski isə Avropa liderlərinin Moskvaya mümkün səfərini yanlış addım saydığını açıqlayıb. O, Berlində keçirilən “Könüllülər koalisiyası” toplantısında DW müxbirinin sualını cavablandırarkən Avropa liderlərinin Moskvaya getməyəcəyini deyib.
“Liderlərin getməyəcəyinə yüz faiz əminəm. Məncə, onların nümayəndələrinin Moskvaya səfəri də doğru olmazdı. Bu, səhv qərar olardı”, – Zelenski bildirib.