QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, politoloq Elçin Xalidbəyli 2027-ci ildə Ukrayna və Yaxın Şərqdəki münaqişələrin sona çatmasının inandırıcı görünmədiyini bildirib.
Onun sözlərinə görə, Yaxın Şərqdəki hərbi-siyasi böhranın gələn il də davam etməsi mümkündür. Xalidbəyli Ukraynada müharibənin dayandırılması üzrə sülh prosesini formal xarakterli qiymətləndirib və münaqişə ətrafındakı hərbi-strateji vəziyyətin mürəkkəb olduğunu vurğulayıb. Bu amillər müharibənin başa çatma ehtimalını azaldır.
Politoloq mövcud münaqişələrin ətrafında yeni qarşıdurmaların yaranması ehtimalını da istisna etməyib. Onun fikrincə, Rusiyanın təhriki ilə Şərqi Avropa ölkələri, xüsusilə Baltikyanı dövlətlər Ukrayna müharibəsinə cəlb oluna bilər. Bəzi ərəb ölkələrinin Yaxın Şərq münaqişəsinə qoşulması təhlükəsi də qalır.
Xalidbəyli Avropada sosial-iqtisadi böhranın dərinləşməsinin siyasi gərginliyə çevrilə biləcəyini qeyd edib. Bu proses bir sıra ölkələrdə hakimiyyət dəyişikliyinə səbəb ola, mötədil qüvvələrin yerini radikal, irqçi və ultramillətçi siyasi qüvvələr tuta bilər.
O, Avropa ölkələri arasında silahlı toqquşmaların 2027-ci ildə baş verəcəyini proqnozlaşdırmağın mümkün olmadığını bildirib. Bununla belə, daha uzaq gələcəkdə Avropa dövlətləri arasında hərbi-siyasi münaqişələrin yaranmasını istisna etməyib.