QafqazNews Manset.az-a istinadən xəbər verir ki, Polşada hava məkanının pozulmasından sonra həyəcan siqnalı verilib. Naməlum obyektin Ukrayna sərhədinə yaxın əraziyə düşə biləcəyi ehtimal olunur və axtarış aparılır.
Polşa Silahlı Qüvvələrinin Əməliyyat Komandanlığının ABŞ-ın X sosial şəbəkəsindəki rəsmi hesabında yayılan məlumatda bildirilib ki, ölkənin hava məkanı səhər saatlarında pozulub. Açıqlamaya əsasən, naməlum obyekt Bilqoray rayonuna düşmüş ola bilər.
Ərazidə axtarış işlərinə başlanıldığı qeyd olunub. Komandanlıq yerli sakinlərə obyekt qalıqları ilə qarşılaşdıqları halda onlara toxunmamağı və yaxınlaşmamağı, həmçinin aidiyyəti qurumlara məlumat verməyi tövsiyə edib.
Komandanlığın sözçüsü, polkovnik-leytenant Yatsek Qorışevski TVN24-ə açıqlamasında Bilqoray rayonunda naməlum obyektin düşməsi ehtimalını təsdiqləyib. O, Polşa hava məkanının pozulması ilə bağlı iki ayrı hadisənin araşdırıldığını da bildirib.