QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, “Qalatasaray” Aleksey Batrakovu komandada saxlamaq üçün onun müqavilə şərtlərini yeniləməyi nəzərdən keçirir. İstanbul təmsilçisi rusiyalı yarımmüdafiəçinin sərbəstqalma məbləğini artırmaqla yanaşı, illik gəlirini də yüksəltməyi planlaşdırır.

21 yaşlı futbolçu bu mövsüm UEFA Çempionlar Liqasında meydana çıxdığı dörd görüşdə dörd dəfə fərqlənib. Onun oyunu Avropanın bir neçə aparıcı klubunun diqqətini cəlb edib.

“Qalatasaray” Batrakovu mövsümün əvvəlində Moskva “Lokomotiv”indən 25 milyon avroya transfer edib. Klubun müqavilədəki 55 milyon avroluq sərbəstqalma məbləğini 100 milyon avroya qaldırmaq niyyətində olduğu bildirilir.

Planlaşdırılan dəyişikliklərə əsasən, futbolçunun illik maaşı 3 milyon 250 min avrodan 6 milyon avroya yüksələ bilər. İstanbul klubu yaxın günlərdə Batrakovun meneceri ilə danışıqlara başlamağı düşünür.

Batrakovun “Qalatasaray”la müqaviləsi 2031-ci ilin iyununa qədər qüvvədədir. Onun gələcək transferindən əldə ediləcək mənfəətin 15 faizi əvvəlki klubu “Lokomotiv”ə çatacaq.

“Barselona”, PSJ, “Çelsi” və “Liverpul”un da gənc yarımmüdafiəçinin çıxışını izlədiyi qeyd olunur.