QafqazNews Baku.ws-a istinadən xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) Qaradağ rayonunun Qobustan qəsəbəsində, M2 Bakı–Ələt–Qazax–Gürcüstanla dövlət sərhədi avtomobil yolunun 55-ci kilometrliyindəki körpünü sökərək yenidən tikməyə başlayıb.
Bu, Qobustanda yenilənən dördüncü, son aylarda Qaradağ rayonunda tikintisinə start verilən isə altıncı körpüdür.
Mövcud qurğunun istismar müddətinin bitməsi və texniki durumu nəzərə alınaraq, onun yerində müasir tələblərə uyğun yeni körpü inşa ediləcək.
Son aylarda Qobustan qəsəbəsində üç körpünün tikintisi başa çatdırılıb. Səngəçal–Çeyildağ avtomobil yolunun 13-cü kilometrində və Lökbatan–Güzdək yolunun 2,2-ci kilometrində yerləşən körpülər də yenidən qurulub və istifadəyə verilib.
Hazırda Qobustanda daha bir körpünün yenidən qurulması üzrə işlər davam edir.