QafqazNews Bakupost.az-a istinadən xəbər verir ki, Sabir Rüstəmxanlı 1991-ci il noyabrın 20-də Qarakənddə vurulan vertolyotda həyatını itirən dövlət xadimlərini, jurnalistləri və hərbçiləri xatırlayıb. O, həmin şəxslərin ölkənin ictimai-siyasi həyatındakı rolunun unudulmamalı olduğunu bildirib.

Rüstəmxanlının sözlərinə görə, həlak olanların bir qismi onun yaxın dostları və həmkarları olub. O hesab edir ki, müstəqilliyini yenicə bərpa etmiş Azərbaycanın gələcək inkişafında onların hər biri mühüm töhfə verə bilərdi. Həmin günlərdə aldığı iki telefon zəngi isə yaddaşında ömürlük qalıb.

Daxili işlər naziri Məhəmməd Əsədov, dövlət katibi Tofiq İsmayılov, baş prokuror İsmət Qayıbov, iqtisadi-siyasi xadim Vəli Məmmədov, jurnalist və tədqiqatçı Osman Mirzəyev, eləcə də jurnalist Alı Mustafayev onun xatirələrində xüsusi yer tutur.

Noyabrın 18-də Əsədov Rüstəmxanlıya zəng edərək onu təbrik edib. Səbəbini bilmədiyi üçün təəccüblənən şairə nazir şəhərin mərkəzində onun üçün mənzil ayrıldığını deyib. Əsədov bildirib ki, anasının səhhətinə görə birinci mərtəbədə ev istəyib, Ayaz Mütəllibov isə Nazirlər Kabinetinin yaxınlığındakı binada mənzil ayırıb və onun hazırkı evini Rüstəmxanlıya verməyi tapşırıb.

Rüstəmxanlı dövlət qurumlarına evlə bağlı müraciət etmədiyini deyəndə, Əsədov Mütəllibovun onun harada yaşadığını bildiyini və təcili toplantılara görə mərkəzə yaxın olmasının əhəmiyyətini vurğulayıb. Mənzilin Hökumət Evinin arxasında, 15-ci mərtəbədə yerləşdiyini söyləyərək onu baxmağa və çay içməyə dəvət edib. Təmir işlərini isə Sumqayıtdan olan dostlarının gördüyünü qeyd edib.

Rüstəmxanlı ertəsi gün görüşməyi təklif etsə də, Əsədov iki günlük səfərə çıxacağını və qayıdandan sonra zəng edəcəyini deyib. Mənzil təklifinin onu ev qayğısından qurtaracağını düşünən Rüstəmxanlı nazirin zəngini gözləyib. İki gün ərzində xəbər gəlməyib, özü də zəng etməyə çəkinib. Üçüncü gün axşam xəbərlərində Əsədov da daxil olmaqla 22 nəfərin həlak olduğu bildirilib.

Hadisə günü Ağdama yola düşməzdən əvvəl Vəli Məmmədov da Rüstəmxanlıya zəng vurub yaxın günlərdə görüşməyi təklif edib. Daha sonra Qarabağa gedəcəyini, Tofiq İsmayılovu tək buraxmaq istəmədiyi üçün onunla birlikdə yola çıxacağını söyləyib. Beləcə, onların son görüşü baş tutmayıb; Məmmədov həmin səfərə öz istəyi ilə qoşulub.

Rüstəmxanlı 20 noyabr hadisəsini həm də şəxsi itki kimi xatırladıb. Onun sözlərinə görə, Tofiq İsmayılov və Vəli Məmmədov SSRİ Ali Sovetinin sessiyasına böyük məsuliyyət və qəzəblə hazırlaşırdılar. Osman Mirzəyev “Adlarımız” kitabının uğurunu tam yaşaya bilməmiş, Alı Mustafayev isə Qarabağdan çəkəcəyi yeni reportajların mövzuları üzərində düşünürdü.

Onların arzuları yarımçıq qalıb. Rüstəmxanlı əlavə edib ki, İkinci Qarabağ müharibəsində əsgərlərin qisas hissini gücləndirən amillərdən biri də həlak olanların unudulmaz xatirəsi olub.