QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, Azərbaycanın “Aqrarkredit” təşkilatı Sankt-Peterburqda yerləşən beşulduzlu “Ermitaj” hotelinin faktiki təhvil alınmasına nail olub. Məhkəmə icraçıları noyabrın 17-də səhər saatlarında Pravda küçəsindəki obyektə icra tədbirləri görmək üçün gəliblər.

Hotel 2023-cü ilin iyunundan “Aqrarkredit”in mülkiyyətində olsa da, əvvəlki sahibi biznesi idarə etməyə davam edib. Obyektin şirkətə verilməsi Azərbaycan Beynəlxalq Bankının (ABB) sahibkar Elşən Babayevə məxsus MBİK şirkətinə ayırdığı kreditlərlə bağlı olub.

2008-2014-cü illərdə hotel layihəsinin tikintisi üçün MBİK-ə 55 milyon dollar və 14.77 milyon avro kredit ayrılıb. Borcun qaytarılması üzrə öhdəliklər yerinə yetirilmədiyindən, davam edən məhkəmə araşdırmalarının sonunda təxminən 3.09 milyard rubl (63.8 milyon manat) dəyərində qiymətləndirilən hotel kompleksi borcun bir hissəsinin ödənilməsi məqsədilə “Aqrarkredit”ə verilib.

Mülkiyyət hüququ 2023-cü ilin iyununda rəsmiləşdirilsə də, əvvəlki sahibkar əmlakı təhvil verməyib. “Aqrarkredit” Rusiyada vergi öhdəliklərini vaxtında yerinə yetirib, eyni zamanda məhkəmə qərarlarının icrası üçün hüquqi mübarizəsini davam etdirib. Hotelin rəsmi sahibi olduğu dövrdə təşkilat Rusiya büdcəsinə 92.6 milyon rubl, yəni 1.91 milyon manat vergi ödəyib.

2024-cü ilin yanvarında məhkəmə keçmiş mülkiyyətçinin obyektdən çıxarılması barədə “Aqrarkredit”in iddiasını təmin edib. Qərar 2025-ci ilin iyununda qüvvəyə minib. Mülkiyyət dəyişikliyinə qarşı qaldırılan etirazlar isə nəticə verməyib.

Bundan başqa, məhkəmə “Ermitaj Media” şirkətinin mülkiyyətçi dəyişikliyindən sonra hotelin istismarından əldə etdiyi 44 milyon rubldan artıq gəlirin müsadirəsinə qərar verib. Bu məbləğ təxminən 908 min manat təşkil edir.

“Aqrarkredit” və ABB-nin kreditorlar reyestrinə daxil edilən tələblərinin ümumi həcmi 8.1 milyard rubl, yaxud təxminən 167.2 milyon manat olub. Bir neçə il davam edən məhkəmə proseslərinin ardından hotelin idarəçiliyə verilməsi ilə bağlı qərarların icrası təmin edilib.