QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, ev alarkən binanın qəzalı vəziyyətdə olub-olmadığını müəyyənləşdirmək üçün bir sıra əlamətlərə diqqət yetirmək lazımdır. Azərbaycanın baş memarı Elbəy Qasımzadə ilkin olaraq pəncərələrin alt hissəsini yoxlamağı məsləhət görür. Həmin sahədə və pəncərəaltlığının kənarlarında çatların olması ciddi xəbərdarlıq sayılır və belə evə böyük vəsait yatırmağa dəyməz.

Divarlarda, xüsusən də zamanla böyüyən iri çatlar da təhlükəyə işarə edə bilər. Binanın sütunlarında armaturun görünməsi və korroziyaya uğraması, döşəmənin ayrı-ayrı yerlərinin çökməsi, pilləkənlərin formasının pozulması riskli əlamətlər sırasındadır.

Zirzəmidə su toplanması, davamlı rütubət qoxusu, suvağın qopub tökülməsi, pilləkən meydançalarında çatların yaranması və bünövrə ətrafındakı torpağın çökməsi də binanın yaxın gələcəkdə qəzalı vəziyyətə düşə biləcəyini göstərir.

Qasımzadənin sözlərinə görə, binaların bu hala düşməsində bəzən sakinlərin özləri də rol oynayır. O bildirib ki, bəzi mənzillərdə balkonun istinad divarı sökülərək otağa birləşdirilir, sütun götürülərək yaşayış sahəsi böyüdülür. Memar vurğulayıb: “Divara dəyən hər kiçik müdaxilə o binanın ömrünü qısaldır”.