QafqazNews Baku.ws-a istinadən xəbər verir ki, Qubanın Çinarlı və Nərimanabad kəndlərindən keçən yolun bərbad vəziyyəti həmin kəndlərin rayon mərkəzi ilə nəqliyyat əlaqəsində çətinliklər yaradıb.

Rayon sakinlərinin bildirdiyinə görə, Çinarlından Xaçmaz, Nərimanabaddan isə Bakı istiqamətində hərəkət üçün istifadə olunan yol qovşağında asfalt örtüyü sıradan çıxıb. Bu, həm avtomobillərin, həm də piyadaların hərəkətini xeyli çətinləşdirir.

Sakinlər yolun dağılmasını gün ərzində ərazidən yüzlərlə ağırtonnajlı yük maşınının keçməsi ilə əlaqələndirirlər. Yağışlı günlərdə dərin gölməçələr yaranır, palçıq yığılır və hərəkət etmək mümkün olmur. Onların narahatlığına səbəb olan digər məsələ isə qovşağın yaxınlığındakı məktəbin şagirdlərinin yolu keçərkən təhlükə ilə üzləşməsidir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Quba 5 saylı Yol İstismarı İdarəsi problemdən xəbərdar olduqlarını bildirib. Qurumdan qeyd edilib ki, yolun əsaslı təmiri planlaşdırılır, zəruri sənədlər hazırlanaraq aidiyyəti qurumlara göndərilib.

İdarənin məlumatına görə, hazırda hava şəraitinin dəyişkən olması işlərin görülməsinə mane olur. Hava mülayimləşdikdən sonra yolda təmir-bərpa işlərinə başlanacaq.