QafqazNews Baku.ws-a istinadən xəbər verir ki, Yasamal rayonunda ögey bacısına xəsarət yetirməkdə ittiham olunan 50 yaşlı kişiyə məhkəmə bəraət verib.
Hadisə S.Dadaşov küçəsində, ailənin yaşadığı evin həyətində baş verib. 1976-cı il təvəllüdlü Tacəddinlə ögey bacısı Aygün arasında mübahisə yaranıb. İttihama əsasən, kişi Aygünün sol ayağına iki dəfə təpik vurub. Münaqişənin səbəbi onun nalayiq ifadələr işlətməsi olub.
Tacəddinə Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə, yəni qəsdən sağlamlığa zərər vurmaqda ittiham irəli sürülüb. O, məhkəmədə təqsirini qəbul etməyib.
Tacəddin bildirib ki, hadisə günü saat 18:50-də uşaqlarını məktəbdən gətirərək evə daxil olub. Azan vaxtı dəstəmaz almaq üçün həyətdəki ayaqyoluna gedib. Orada olarkən çöldən səs eşitsə də, əvvəlcə buna əhəmiyyət verməyib. Daha sonra “Çıxanda başını əzəcəyəm” sözlərini eşidib və həmin sözlərin ögey bacısı Təhminə tərəfindən nəvəsinə deyildiyini düşünüb.
Onun sözlərinə görə, bayıra çıxanda Təhminə pəncərənin yanında dayanaraq əl-qol hərəkətləri edib. Tacəddin əvvəlcə bunu da nəvəsinə хitabən etdiyi hərəkət hesab edib. Kişinin iddiasına əsasən, getmək istəyəndə Təhminə ona “keçəl” deyərək üstünə gəlib və boğazından tutub. O isə bacısını kənara itələyərək geri çəkilməsini istəyib, sonra oradan uzaqlaşıb.
Tacəddin daha sonra dəstəmaz almaq üçün həyətdəki hamam otağına girdiyini deyib. Uşaqlarının səsini eşidib çölə çıxanda qızının saçından dartıldığını gördüyünü bildirib. O, uşaqlarını ayıraraq otağa keçirib qapını bağladığını, Aygünün əlində boruya oxşar əşya olduğunu və həmin əşya ilə ona zərbə endirdiyini iddia edib. Bacıları gedəndən sonra qızı Lamiyə ilə polis bölməsinə şikayət etməyə yollandığını söyləyib.
Təqsirləndirilən şəxs hadisənin oğlu Samir tərəfindən telefonla çəkildiyini və videonun olduğunu da qeyd edib. O, Aygünün oğlunun əlindəki telefonu vurub yerə saldığını bildirib. Tacəddinin sözlərinə görə, polisə təqdim edilən müraciətdə Təhminənin ayağının onun deyil, qızının hərəkəti nəticəsində sındığı göstərilib. O, nə özünün, nə də övladlarının Aygünü vurduğunu deyərək, bacılarının əvvəllər də ona böhtan atdığını iddia edib.
Zərərçəkmiş Aygün isə məhkəmədə Tacəddinin ögey qardaşı olduğunu və uşaqlıqdan ona baxıb saxladığını söyləyib. O bildirib ki, bayıra çıxanda qardaşını Təhminəni saçından tutaraq yumruq və təpiklə vurarkən görüb və onları ayırmağa çalışıb. Aygünün sözlərinə görə, Tacəddinlə mübahisə zamanı qardaşı onun ayağına təpik vurub, Lamiyə isə saçını yolub. Daha sonra digər bacıları onları ayırmağa gəlib.
Aygün qardaşının onu öldürmək istədiyini və bunun evlə bağlı mübahisədən qaynaqlandığını iddia edib. O, Tacəddinin bu yolla evə sahib çıxmaq niyyətində olduğunu söyləyib.
Yasamal Rayon Məhkəməsi təqsirləndirilən şəxsin günahının sübuta yetirilmədiyi qənaətinə gəlib. Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən, Tacəddinə bəraət verilib.