QafqazNews Bakupost.az-a istinadən xəbər verir ki, Ermənistan parlamentinin spikeri Ruben Rubinyan müxalifəti Azərbaycan, Türkiyə və Gürcüstana qarşı ərazi iddiaları irəli sürməkdə, həmçinin sülh prosesinə əngəl törətməkdə günahlandırıb. O, bu fikirləri parlamentin bugünkü iclasında səsləndirib.

Rubinyan müxalifətdəki “Güclü Ermənistan” fraksiyasının deputatı Marianna Qəhrəmanyanın hakim “Vətəndaş Müqaviləsi” Partiyasının üzvlərinin yaxalarında gəzdirdiyi Ermənistan xəritəsini “yarımçıq xəritə” adlandırmasına cavab verib. Spiker deyib: “Siz açıq şəkildə Ermənistan Respublikasının xəritəsini nəzərdə tuturdunuz. Çünki özünüz dediniz ki, yaxanıza taxdığınız xəritə yarımçıqdır. Bağışlayın, amma bəhanələriniz keçərli deyil”.

O, müxalifət təmsilçilərinin “Birləşmiş Ermənistan” ideyası barədə əvvəlki açıqlamalarına da toxunub. Rubinyan Ermənistan İnqilabi Federasiyası – “Daşnaksütyun” Partiyasının proqramındakı müddəalardan sitat gətirib: “Daşnaksütyun” “Birləşmiş Ermənistan” yaratmağı hədəfləyir. “Birləşmiş Ermənistan”ın sərhədlərinə Sevr müqaviləsində nəzərdə tutulmuş ərazilərlə yanaşı, Qarabağ, Cavaxetiya və Naxçıvan da daxildir. Bu mövqenin müdafiəsi Azərbaycan, Türkiyə və Gürcüstana eyni vaxtda ərazi iddiaları irəli sürmək deməkdir. Bu üç bəyanat, məncə, müxalifətimizin əsl simasını tamamilə üzə çıxardı”.

Rubinyan çıxışını müxalifətin məqsədinin sülhə mane olmaq olduğunu iddia etməklə yekunlaşdırıb: “Sizin bir məqsədiniz var: bura gəlib vətən, yarımçıq xəritə, qurbanlar haqqında pafoslu bəyanatlar vermək, lakin sülhə mane olmaq, onu mümkünsüz etmək və Ermənistanı başqa bir dövlətin tərkibinə daxil etmək”.