QafqazNews Lenta.ru-a istinadən xəbər verir ki, Rusiya Türkiyə ilə birgə Qara dəniz akvatoriyasında gəmiçilik təhlükəsizliyinin təmin olunması üçün kompleks tədbirlər hazırlamağa hazırdır.
Ankaradakı səfir Sergey Verşininin Hürriyet nəşrinə müsahibəsində bildirdiyinə görə, o, Türkiyə tərəfinin təkliflərini yüksək qiymətləndirib və Moskva ilə Ankaranın Qara dəniz regionunda əsas oyunçular olduğunu vurğulayıb.
Verşinin iki dövlətin 2022-ci ildən bəri qara dəniz təhlükəsizliyi sahəsində birgə fəaliyyətini xatırladıb. O, əməkdaşlığın nəticələrinin hər iki tərəfin gözləntilərini tam reallaşdıra bilmədiyini etiraf etsə də, Rusiyanın dialoq çərçivəsində həmişə səmimi və vicdanla hərəkət etdiyini bildirib.
Dənizdə baş verən insidentlərə toxunan səfir rus qüvvələrinin mülki və ya kommersiya yük gəmilərinə hücum etmədiyini vurğulayıb. Eyni zamanda Verşininin sözlərinə görə, Rusiya silah və sursatların Ukraynaya daşınmasında istifadə olunan obyektlərə və infrastrukturuna zərbələr endirmək hüququnu saxlayır.
O, münaqişənin davamlığına görə Ukrayna hərbi maşınını maliyyələşdirən ölkələrin məsuliyyətini də qeyd edib. Verşinin Avropa İttifaqı və bəzi Avropa dövlətlərinin milyardlarla maliyyə dəstəyi göstərdiyini, bunun yalnız birbaşa silah tədarükü ilə məhdudlaşmadığını, həmçinin kəşfiyyat məlumatları, peyk sistemlərindən istifadə və digər hərbi dəstək formalarını da əhatə etdiyini iddia edib.
Xatırladaq ki, daha əvvəl Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib ki, Ankara Rusiya, Ukrayna və Avropa ölkələri ilə Qara dəniz vasitəsilə taxıl tədarükünün bərpası və gəmiçilik təhlükəsizliyinin təmin olunması barədə fəal danışıqlar aparır.