QafqazNews Bakupost.az-a istinadən xəbər verir ki, Azərbaycandakı kənd təsərrüfatı təsərrüfatlarında süd və yumurtanın istehsal həcmi yeni qaydalarla hesablanacaq.

Süd üzrə illik göstərici müəyyənləşdirilərkən təkcə satılmış məhsul deyil, təsərrüfatda şəxsi istifadə edilən, natura şəklində dəyişdirilən, pay kimi verilən və heyvan balalarına içirdilən süd də ümumi miqdara əlavə olunacaq. Kənardan satın alınan süd isə istehsal hesabına yazılmayacaq.

Yumurta istehsalının hesablanmasında da istifadə məqsədi rol oynamayacaq: satılan, şəxsi istehlaka yönəldilən, inkubasiyada və ya başqa məqsədlə istifadə olunan bütün yumurtalar nəzərə alınacaq.

İllik süd istehsalının dəqiq rəqəmi olmadıqda hesablama sağmal heyvanların sayı, hər heyvandan gündə alınan orta süd miqdarı və sağım dövrünün faktiki uzunluğu əsasında aparılacaq. Məsələn, üç inəyin hər birindən gündə orta hesabla səkkiz litr süd sağılırsa və sağım 300 gün davam edirsə, illik istehsal 7 200 litr hesablanacaq.

Yumurta üzrə də dəqiq illik göstərici yoxdursa, yumurtlayan quşların sayı və müxtəlif dövrlərdəki orta yumurtlama səviyyəsi əsas götürülə bilər. Qaydada verilən nümunəyə görə, 10 toyuqdan gündə orta hesabla beş yumurta alınarsa, il ərzində 1 825 yumurta qeydə alınacaq.

Yeni uçot qaydalarının tətbiqinə 2027-ci il yanvarın 1-də başlanacaq.