QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının açıqladığı göstəriciyə əsasən, oktyabr ayında dünya ərzaq qiymətləri əvvəlki ayla müqayisədə geriləyib. Bununla yanaşı, indeks ötən ilin eyni ayındakı səviyyəni üstələyib.
FAO-nun Ərzaq Qiymətləri İndeksi oktyabrda 133,9 bənd olub. Sentyabr göstəricisi 135,6 bənd təşkil edib. Beləliklə, indeks illik müqayisədə 5,9 faiz artıb.
Oktyabr ərzində taxılın qiymət indeksi 4,5 faiz, süd məhsullarınınkı 1,1 faiz, ət məhsullarınınkı isə 1,2 faiz aşağı düşüb.
Şəkər qiymətləri isə əks istiqamətdə dəyişərək 6,6 faiz yüksəlib. Bu, bahalaşmanın dördüncü ay ardıcıl qeydə alınmasıdır. Şəkər ötən ilin oktyabrı ilə müqayisədə 28,8 faiz bahadır.
FAO artımı Braziliyada yağıntıların məhsul yığımına mane olması ilə izah edib.
Dünya ərzaq qiymətləri indeksi beynəlxalq bazarlarda taxıl, bitki yağları, süd məhsulları, ət və şəkərin qiymətindəki dəyişiklikləri ölçür.