QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, Sumqayıt Apellyasiya Məhkəməsi Şabran Rayon İcra Hakimiyyətinin başçısı Asif Hüseynovun şikayətini təmin edib. Məhkəmə əvvəlki hökmü ləğv edərək Uzunboyad kənd sakini Vüsal Muradovu 1000 manat cərimələyib.
Hüseynov daha əvvəl Muradovu Xaçmaz Rayon Məhkəməsinə verib. Mübahisəyə səbəb kənd sakininin sosial şəbəkələrdə yaydığı paylaşımlar olub. Muradov həmin paylaşımlarda icra başçısına 10 min manat dəyərində 10 ton arpa nisyə satdığını, lakin pulunu ala bilmədiyini iddia edib.
Kəndli şikayətini ictimailəşdirəndən sonra ödənişi ala biləcəyinə ümid etdiyini bildirsə də, icra başçısı onun iddialarına etiraz edib. Şikayət ərizəsində Hüseynov Muradovun böhtan yaydığını, həmçinin borcu olması barədə həqiqətə uyğun olmayan məlumat verdiyini qeyd edib. O, kəndlinin bu addımını qardaşı Rafiqin bələdiyyə sədri vəzifəsindən çıxarılmasına narazılıqla əlaqələndirib.
Xaçmaz Rayon Məhkəməsi ilk instansiyada şikayəti əsaslı saymayıb. Böhtan faktı sübuta yetirilmədiyi üçün Vüsal Muradova bəraət verilib.
Apellyasiya instansiyasında hakim Rəşadət Ağayev əvvəlki hökmü ləğv edib. Məhkəmənin qənaətinə görə, Muradov icra başçısını dələduzluqda ittiham etməklə ona böhtan atıb. O, Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə təqsirli bilinərək 1000 manat cərimə cəzasına məhkum olunub.