QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, Sankt-Peterburq məhkəməsi 82 milyon rubldan artıq vəsaitin oğurlanması ilə bağlı şübhəli bilinən Həbib Hüseynov barəsində həbs qətimkan tədbiri seçib.
İstintaq materiallarına görə, hadisə oktyabrın 26-da şəhərin Vyazovaya küçəsindəki mənzillərdən birində baş verib. Hüseynov və onunla əlbir olduğu şəxs zərərçəkmişi əvvəlcədən tanıyıblar. İdman zalından tanıdıqları kişini mənzilə gətirərək onun kriptovalyutasını ələ keçirməyə cəhd ediblər.
Məlumata əsasən, hücum edənlər əvvəlcə zərərçəkmişə tərkibi bilinməyən həblər veriblər. Ardınca onu bağlayıb döyüblər, kəsici alətlə hədələyib əl və ayaqlarını isti ütü ilə yandırıblar. Ondan kriptovalyuta pulqabılarına daxil olmaq üçün kodları tələb ediblər.
Zərərçəkmiş, həmçinin borclu olduğunu təsdiqləyən iltizam yazmağa və kamera qarşısında pul borcu olduğunu deməyə məcbur edilib. Şübhəlilər ümumilikdə 82,6 milyon rubl dəyərində kriptovalyutanı ələ keçiriblər.
Hüseynov noyabrın 19-da saxlanılıb. Petroqrad Rayon Məhkəməsi onu 2027-ci il yanvarın 17-dək həbsdə saxlamaq barədə qərar qəbul edib. Hadisədə iştirak etdiyi bildirilən digər şəxs isə axtarışdadır.