QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, Bakının Səbail rayonunda yerləşən tarixi yaşayış binasında yağış sularının mənzilə sızması sakinləri narahat edir.
Neftçilər prospekti 87 ünvanındakı, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin balansında olan binanın altıncı mərtəbəsindəki mənzilin mətbəxinin üstündəki açıq terrastan su aşağı mərtəbəyə keçir.
Sakinlərin bildirdiyinə görə, hər yağışdan sonra mənzili su basır, tavanın suvağı qopur, divarlarda nəmlik və kif əmələ gəlir. Su divarların içindəki elektrik naqillərinə də çatır. Bu isə qısaqapanma və yanğın riski yaradır.
Müraciətdə qeyd olunub ki, sakinlər idarəyə dəfələrlə üz tutsa da, problem aylardır həll edilməyib.
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi sorğuya cavabında tarixi binaların damlarının, fasadlarının və eyvanlarının yenilənməsi istiqamətində ardıcıl işlərin görüldüyünü bildirib.
Qurumun məlumatına əsasən, tarixi yaşayış fondunun qorunması, bərpası və sakinlərin yaşayış şəraitinin yaxşılaşdırılması əsas prioritetlərdəndir. Cari ildə altı tarixi binada suötürücü sistemlər də daxil olmaqla, ümumilikdə 1 170 kvadratmetr dam örtüyü yenilənib. Həmçinin 213 eyvanda təmir-bərpa aparılıb, tarixi görünüşə uyğun olmayan plastik konstruksiyalar taxta materiallarla əvəzlənib.
İdarə görülən işlərin memarlıq irsinin mühafizəsinə, eləcə də sakinlərin təhlükəsizliyi və rahatlığının artırılmasına xidmət etdiyini vurğulayıb. Bununla yanaşı, yenilənmiş dam örtüklərinin ümumi dam fondunun təxminən bir faizini təşkil etdiyi bildirilib. Qurum əlavə maliyyə mənbələri və tərəfdaşlar cəlb edərək işlərin həcmini artırmağı planlaşdırır.