QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, səhiyyə naziri Anar Bayramovun rəhbərliyi altında nazirlikdə kadr dəyişikliklərinin aparılacağı gözlənilir. Məlumata görə, hazırkı dörd müavindən üçü vəzifəsindən azad edilə bilər.
Vəzifəsini itirəcəyi gözlənilən şəxslər İlqar Qasımov, Rasim İsmayılov və Rüfət Hacıəlibəyovdur. Mövcud müavinlərdən Nadir Zeynalovun postunda qalacağı bildirilir. Qasımov və İsmayılov 2022-ci ilin fevralında, sabiq nazir Teymur Musayevin rəhbərliyi dövründə təyin olunublar. Hacıəlibəyov isə bu ilin iyulunda nazir müavini vəzifəsinə gətirilib.
Mənbənin məlumatına görə, adı çəkilən şəxslərin fəaliyyəti son illər müxtəlif mübahisələr və müzakirələrlə gündəmə gəlib. İlqar Qasımov plastik cərrahların sertifikatlaşdırılması ilə bağlı mübahisəli sənədlərdə, eləcə də Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun idarəçiliyi üzrə məhkəmə çəkişmələrində xatırlanıb.
Rüfət Hacıəlibəyovun adı isə Səhiyyə Nazirliyinin İnformatika və Statistika İdarəsinin keçmiş rəisi Mehdi Əmrahovun külli miqdarda mənimsəmə və vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamları ilə üzləşdiyi cinayət işi üzrə məhkəmə prosesində çəkilib. Əvvəllər “Muğanbank”da, daha sonra Dövlət Vergi Xidmətində çalışmış Rasim İsmayılov da diqqət mərkəzində olub.
Gözlənilən dəyişikliklərin baş tutacağı halda nazirliyin rəhbər heyəti yenilənəcək. Bununla belə, nazir müavinlərinin təyin və vəzifədən azad edilməsi Prezidentin sərəncamı ilə həyata keçirilir, hazırda isə bu barədə rəsmi qərar açıqlanmayıb.
Tibb elmləri doktoru, professor Razi Salmanzadə məsələni şərh edərkən bildirib ki, səhiyyədə uzun müddət ərzində formalaşmış sistemli çətinliklərin həlli üçün peşəkar kadrların irəli çəkilməsi və şəffaf idarəçiliyin qurulması vacibdir. Onun sözlərinə görə, təyinatlar və idarəetmə qərarları insanların sağlamlığına və cəmiyyətin rifahına birbaşa təsir edir.
Salmanzadə qeyd edib ki, nazirlikdə və tabeli qurumlarda maliyyə ilə bağlı neqativ hallar, sertifikatlaşdırma narazılıqları və peşəkarlıq boşluqları sistemə inamı zəiflədib. O hesab edir ki, əsaslı struktur yenilənməsi aparılmadan səhiyyənin keyfiyyətində dəyişiklik əldə etmək mümkün deyil. Yeni rəhbərliyin xəstəxanalardan mərkəzi aparata qədər sağlam iş mühitinin qurulmasına töhfə verməli olduğunu vurğulayıb.
Professorun fikrincə, idarəetmədə bu sahəni dərindən bilən, dürüst və peşəkar şəxslərin seçilməsi zəruridir. O, şəffaflığın, maliyyə vəsaitlərinin təyinatı üzrə istifadəsinin və səlahiyyətlərə riayət olunmasının təmin edilməsinin vacibliyini qeyd edib. Salmanzadə gözlənilən islahatların formal dəyişikliklə məhdudlaşmayacağına, bürokratik maneələrin və mənfi halların aradan qaldırılmasına xidmət edəcəyinə ümid etdiyini bildirib.
Hüquqşünas Natiq Ələsgərov isə dövlət qurumlarında, xüsusən Səhiyyə Nazirliyi kimi strateji və həssas strukturlarda qanun pozuntularına qarşı qanunvericiliyin qəti tətbiqinin vacibliyini vurğulayıb. O bildirib ki, dövlət qulluqçularının fəaliyyəti şəffaflıq və qanunçuluq prinsiplərinə əsaslanmalıdır.
Ələsgərovun sözlərinə görə, bəzi nazir müavinləri və idarə rəhbərlərinin adlarının məhkəmə çəkişmələri, mənimsəmə və vəzifə saxtakarlığı iddialarında hallanması hüquqi dövlət prinsipləri baxımından narahatlıq doğurur. Araşdırmalar və məhkəmə prosesləri nəzarətin zəifləməsinin korrupsiya risklərini artıra biləcəyini göstərir.
Hüquqşünas hesab edir ki, səhiyyədə hüquqi intizamın gücləndirilməsi üçün inzibati dəyişikliklərlə yanaşı, qanun pozuntularına hüquqi qiymət verilməlidir. O xatırladıb ki, nazir müavinləri Prezidentin sərəncamı ilə təyin olunsa da, fəaliyyətləri və nəzarət etdikləri sahələrdəki qanunsuzluqlara görə məsuliyyət məsələsi gündəmdə qalır. Ələsgərov daxili audit və hüquqi nəzarətin gücləndirilməsini, belə hallara qarşı qəti mövqe tutulmasını vacib sayıb.