QafqazNews Baku.ws-ə istinadən xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzində Zəfər Gününə həsr olunan respublika elmi-praktiki konfrans təşkil edilib. Tədbir DTX-nin Heydər Əliyev adına Akademiyasının təşkilatçılığı ilə “Azərbaycanın Zəfəri: hərbi strategiya, diplomatiya və milli birlik” mövzusunda keçirilib.
Konfransda DTX-nin rəhbər şəxsləri, Milli Məclisin deputatları, təhlükəsizlik orqanlarının veteranları, xüsusi təyinatlı və mülki ali təhsil müəssisələrinin professor-müəllim heyəti iştirak edib. Açılışdan sonra Ümummilli Lider Heydər Əliyevin, eləcə də Azərbaycanın suverenliyi və ərazi bütövlüyü naminə həlak olmuş qəhrəmanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub və Dövlət Himni səsləndirilib.
Akademiyanın rəisi, general-mayor Elşad Nəsirov giriş nitqində 44 günlük Vətən müharibəsində qazanılan Zəfəri Azərbaycanın dövlətçilik tarixinin mühüm hadisəsi kimi dəyərləndirib. O, qələbənin Heydər Əliyevin başladığı, Prezident İlham Əliyevin davam etdirdiyi ordu quruculuğu, hərbi strategiya və diplomatik fəaliyyət, habelə xalqın birliyi sayəsində əldə olunduğunu vurğulayıb. Nəsirov tarixi qələbənin dövlətin gücünü, xalqın dönməz iradəsini və gələcəyə inamını ifadə etdiyini, gələcək nəsillər üçün daim qürur mənbəyi olacağını bildirib.
Milli Məclis sədrinin müavini, akademik Rafael Hüseynov çıxışında Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyini qələbənin əsas amillərindən biri kimi qeyd edib. O, dövlət başçısının Vətən müharibəsi vaxtı xarici mediaya verdiyi müsahibələrin Azərbaycanın haqlı mövqeyinin beynəlxalq ictimaiyyətə çatdırılmasına töhfəsinə diqqət çəkib.
Deputat, siyasi elmlər doktoru Rizvan Nəbiyev Prezident İlham Əliyevin rəhbərliyi altında aparılan siyasətin ölkənin iqtisadi, siyasi və hərbi imkanlarını artırdığını deyib. Onun sözlərinə görə, əldə edilən nəticələr regionda davamlı sülh və sabitlik üçün geniş imkanlar yaradıb.
Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Hərbi İnstitutunun rektoru, general-mayor Elçin Məmmədov Heydər Əliyevin milli hərbi kadrların hazırlanmasını prioritet saydığını xatırladıb. O, Prezident İlham Əliyevin həmin istiqaməti davam etdirərək hərbi təhsili və ordunun potensialını inkişaf etdirdiyini qeyd edib.
Konfransın sonunda tədbirin mövzusuna dair videoçarx nümayiş olunub.