QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, Meksikanın “Así Lo Dice México” qəzetində Federiko La Montun məqaləsi dərc olunub. Yazıda Prezident İlham Əliyevin siyasi rəhbərliyi, hərbi strategiyası və Azərbaycanın ərazi bütövlüyünün bərpasındakı rolu araşdırılır.

Məqalədə siyasi planlaşdırma ilə hərbi idarəçiliyin uzlaşdırılması müasir dövlətçilik tarixinin mühüm məsələlərindən biri kimi təqdim edilir. Bu kontekstdə Azərbaycanın Prezidenti və Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin liderliyinə xüsusi yer ayrılır.

La Montun qənaətinə görə, Vətən müharibəsindəki qətiyyətli rəhbərlik, eləcə də “Qarabağ bizimdir!” bəyanatı milli kimliyin və ölkənin ərazi bütövlüyünün bərpasında tarixi mərhələ olub. Müəllif siyasi qərarlarla hərbi əməliyyatların uyğunlaşdırılmasını Azərbaycanın Qələbəsinə təsir edən əsas amillərdən sayır.

Yazıda İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyanın 2020-ci il noyabrın 10-da imzaladığı Bəyanat müharibənin yekunlaşmasında dönüş nöqtəsi kimi qiymətləndirilir. Məqalədə qeyd olunur ki, sənəd ərazi bütövlüyünün bərpası və Şuşanın azad olunmasından sonra yaranan yeni vəziyyəti rəsmiləşdirib.

Federiko La Mont Azərbaycanın Qələbəsini qədim Çin hərbi strateqi Sun Tzunun “Müharibə sənəti” əsərindəki yanaşmalarla əlaqələndirir. Onun fikrincə, uğur təkcə döyüş meydanındakı üstünlüklə əldə olunmur: buna uzunmüddətli hazırlıq, iqtisadi və texnoloji imkanların artırılması, milli həmrəyliyin və mənəvi ruhun gücləndirilməsi də daxildir.

Müəllif müasir hərbi texnologiyaların, o cümlədən zərbə dronları və yüksəkdəqiqlikli silah sistemlərinin tətbiqinə də toxunur. Ordunun texnoloji imkanlarının genişlənməsi və çağdaş döyüş strategiyasının həyata keçirilməsinin əməliyyatların nəticəsinə ciddi təsir göstərdiyi bildirilir.

Məqalədə Azərbaycanın diplomatik fəaliyyəti də strateji uzaqgörənliyin vacib elementi kimi dəyərləndirilir. La Montun fikrincə, beynəlxalq əlaqələrin saxlanması, qonşu ölkələrlə münasibətlərin davam etdirilməsi və diplomatik vasitələrdən səmərəli yararlanmaq suverenliyin möhkəmlənməsinə xidmət edib.

Yazıda noyabrın 8-də qeyd edilən Zəfər Gününün hərbi qələbənin ildönümündən daha geniş məna daşıdığı vurğulanır. Müəllif bu günü milli birlik, suverenlik və tarixi ədalətin bərpasını ifadə edən ümumxalq bayramı, 2021-ci ildən rəsmi şəkildə qeyd olunan milli qürur və dirçəliş rəmzi kimi təqdim edir.

La Mont yazısını belə yekunlaşdırır: siyasi liderliyin, strateji düşüncənin və ərazi suverenliyinə bağlılığın bir araya gəlməsi Azərbaycanın təcrübəsini milli strategiya baxımından diqqətəlayiq nümunəyə çevirir.