QafqazNews Baku.ws-a istinadən xəbər verir ki, Şəkinin Çeşməli kəndində şəhid ailələri və qazilər üçün tikilmiş yaşayış məhəlləsində yaşayanlar abadlıq və təhlükəsizlik problemləri ilə üzləşirlər.

Ərazidəki 10 binada 40 ailə məskunlaşıb. Sakinlərin bildirdiyinə görə, köçdükləri vaxtdan məhəllədə abadlıq işləri aparılmadığı üçün gündəlik çətinliklər yaranıb.

Onlar küçələrin asfaltlanmadığını, işıqlandırmanın və uşaqlar üçün oyun meydançasının olmadığını deyirlər. Yağış yağanda yolların palçığa dönməsi, binaların isə nəmişlikdən zərər çəkməsi də sakinlərin qeyd etdiyi problemlər sırasındadır.

Sakinlər ərazidə vəhşi heyvanların olduğunu və xüsusilə axşam saatlarında uşaqlar üçün risk yarandığını bildiriblər. Onlardan biri yayda bir qazinin uşağının tülkünün hücumuna məruz qala biləcəyini deyərək belə danışıb: “Yayda burada qazi qardaşımızın uşağını gecə az qala tülkü aparacaqdı. Uşaq ağladı, zorla əlindən aldıq. Nə olduğunu da bilmədik”.

Başqa bir sakin isə ərazinin kolluq və səhralıq olduğunu vurğulayaraq söyləyib: “Hər yer səhralıqdır, kolluqdur, buralar vəhşi heyvanlarla doludur. Uşaqların günü qara olub”.

Şəki Şəhər İcra Hakimiyyətindən bildirilib ki, yaşayış binalarının həyətlərində mütəmadi təmizlik aparılır, əraziyə Şəki Kommunal Təsərrüfatı İstehsalat Birliyi xidmət göstərir.

Qurumun məlumatına görə, cari ilin sonunadək binaların həyətlərinin və onlara gedən yolun asfalt-beton örtüklə təmiri planlaşdırılıb.