QafqazNews Konkret.az-a istinadən xəbər verir ki, İsrail hakimiyyəti İranın ballistik raket istehsalını sürətlə bərpa etməsindən narahatlıq keçirir.
İsrail rəsmilərini Tehranın hərbi və nüvə obyektlərini mümkün zərbələrdən qorumaq məqsədilə yeraltı məkanlara keçirməsi də narahat edir.
Məlumatlı mənbələrin bildirdiyinə görə, İsrail Silahlı Qüvvələri İrana qarşı hücumları yenidən başlamağa hazırdır və ən yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib.
Baş nazir Benyamin Netanyahu ABŞ-la birgə hərbi əməliyyata başlamaq niyyətindədir. Bununla belə, ABŞ Prezidenti Donald Trampın İrana zərbə endirmək planının olub-olmadığı aydın deyil. Bu məsələ üzrə iki ölkə arasında məsləhətləşmələr davam edir.
ABŞ və İsrail fevralın 28-də İrana qarşı müharibəyə başlamışdı. İyun ayında Vaşinqtonla Tehran bütün cəbhələrdə, o cümlədən Livanda hərbi əməliyyatların dərhal dayandırılmasını nəzərdə tutan anlaşma memorandumu imzalamışdı.
İyulun 8-nə keçən gecə ABŞ razılaşmanın Hörmüz boğazına dair şərtlərinin pozulduğunu bildirərək İrana qarşı genişmiqyaslı zərbələri bərpa edib.
Daha sonra ABŞ administrasiyası İrana qarşı genişmiqyaslı hərbi güc tətbiqini faktiki dayandırdığını və ölkəyə sanksiyalarla iqtisadi təzyiq göstərməyə çalışacağını bəyan edib.