QafqazNews Manset.az-a istinadən xəbər verir ki, Ukraynadan Azərbaycana gətirilən kərə tərkibli spred yağının bir partiyasında uyğunsuzluq müəyyən edilib.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) məlumatına görə, “Qədiroğlu” MMC-nin idxal etdiyi, Ukraynanın “Ratnovskiy molokozavod” MMC-də hazırlanan “Lyuks Golden Ratne 81,5%, 5 kq” məhsulundan nümunələr götürülüb. 25.08.2026–25.08.2027-ci il istehsal və son istifadə tarixlərini daşıyan məhsullar laboratoriya yoxlamasından keçirilib və partiyada uyğunsuzluq aşkarlanıb.

Hadisə ilə əlaqədar həmin partiyanın satış və dövriyyəsinin dayandırılması, eləcə də geri çağırılması barədə qərar verilib. Bundan başqa, Ukraynanın aidiyyəti qurumuna istehsalçı müəssisədən ixracın müvəqqəti məhdudlaşdırılması və sertifikatlaşdırmanın dayandırılması üçün bildiriş göndərilib.

Daha əvvəl Ukraynanın “Renet” müəssisəsində istehsal olunan yağ məhsulunda da 3-monoxlorpropan-1,2-diol (3-MCPD) uyğunsuzluğu qeydə alınmışdı. Bununla bağlı Ukraynanın Ərzaq Təhlükəsizliyi və İstehlakçıların Müdafiəsi üzrə Dövlət Xidmətindən ixracın dayandırılması daxil olmaqla, müvəqqəti məhdudlaşdırıcı tədbirlər görülməsi istənilmişdi.