QafqazNews Baku.ws-ə istinadən xəbər verir ki, Azərbaycanda bu ilin yanvar-oktyabr aylarında məcburi dövlət sosial sığorta haqları üzrə 5 milyard 672,8 milyon manat daxil olub. Bu göstərici proqnozu 297,1 milyon manat üstələyib.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin açıqladığı məlumata əsasən, qeyri-büdcə təşkilatlarından daxilolmalar 3 milyard 838,5 milyon manatdan çox olub.
Hesabat dövründə işsizlikdən sığorta haqları üzrə daxilolmalar təxminən 201,5 milyon manat təşkil edib. Proqnozdan 8,3 milyon manat artıq vəsait ödənilib. Qeyri-büdcə təşkilatlarının bu istiqamətdəki ödənişləri 156,5 milyon manat olub.
İcbari tibbi sığorta haqları üzrə daxilolmalar 849,3 milyon manatı ötüb və proqnoz göstəricisindən 20,4 milyon manat artıq olub. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar isə 570,9 milyon manata yaxınlaşıb.