QafqazNews Patrulaz.az-a istinadən xəbər verir ki, “Azərsu” ASC-yə Qorxmaz Hüseynovun rəhbərlik etdiyi dövrdə dövlət vəsaitlərinin mənimsənilməsi faktı aşkarlanıb. Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi həmin illərdə baş verdiyi bildirilən qanun pozuntularını araşdırıb.

İş üzrə bir sabiq vəzifəli şəxsə yekun ittiham elan olunub. Qorxmaz Hüseynov və digər şəxslərlə bağlı cinayət işi ayrıca icraata ayrılıb. Müqavilələri həmin vaxt İlqar Tağıyev, Etibar Məmmədov və Seymur Seyidov imzalayıb. Onlar barəsində cinayət təqibi hazırda davam etdirilir.

Prokurorluq belə işlərdə dövlətə dəymiş ziyanın ödənilməsi üçün imkan yaradır. Zərər qarşılanmadıqda isə şəxsin cinayət məsuliyyətinə cəlb olunması və işin məhkəməyə göndərilməsi nəzərdə tutulur.

Qorxmaz Hüseynov 2011–2021-ci illərdə “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri olub.

Bu yaxınlarda iş üzrə qurumun sabiq departament rəhbəri və şöbə müdiri Səday Əliyev təqsirləndirilən şəxs qismində cəlb edilib, onun barəsindəki cinayət işi məhkəməyə göndərilib. Əliyev ayrılmış cinayət işində adı olan şəxslərlə əlbir olaraq 3 milyon manat zərər vurmaqda ittiham edilir. Digər adıçəkilən şəxslər həmin işdə şahid qismində dindirilib və məhkəmədə də bu statusla ifadə verə bilərlər.

Hazırlıq iclasında Səday Əliyev ittihamı qəbul etmədiyini bildirib. O, məhkəmə qərarları ilə iki dəfə işinə bərpa olunduğunu, son qərarın 16 aydır icra edilmədiyini və hazırkı ittihamın buna görə irəli sürüldüyünü söyləyib.