QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, çirkli pulların yuyulması ilə bağlı araşdırma çərçivəsində oktyabrın 21-də saxlanılan Emir Sarıgül ev dustaqlığına keçirilib.

Erzincanın millət vəkili Mustafa Sarıgülün oğlu oktyabrın 30-da istintaqa əlavə ifadə verib. O, ifadəsində atasının Yeni Partiyanın sədri Özelə 350 min dollar verdiyini iddia edib. Özel bu açıqlamaya sərt cavab verərək məhkəməyə müraciət edəcəyini bildirib.

Daha sonra məhkəmə Sarıgülün ev dustaqlığına buraxılması barədə qərar çıxarıb.

İstintaq iki Almaniya vətəndaşının şikayətindən sonra başlanıb. Şikayətçilər şirkətlər vasitəsilə külli miqdarda mənşəyi açıqlanmayan vəsaitin yuyulduğunu, proses zamanı isə təhdid olunduqlarını bildiriblər. Müraciətdə 80 milyon avroluq müqavilə, 100 milyon avro məbləğində köçürmə, 1 milyard avronun ölkə xaricinə çıxarılması və 1,5 milyon avroya yaxta satışı ilə bağlı iddialar yer alıb.

Oktyabrın 16-dan bəri aparılan istintaq üzrə ümumilikdə 28 nəfər həbs olunub. Emir Sarıgülün azadlığa buraxılması ilə həbsdə qalan şübhəlilərin sayı 27 olub.

Emir Sarıgül türkiyəli müğənni Sibel Canla mümkün evliliyi barədə xəbərlərlə də gündəmə gəlmişdi. Bir ay əvvəl onların evlənəcəyi deyilirdi.