QafqazNews Baku.ws-a istinadən xəbər verir ki, Türkiyəli baş məşqçi Arda Turanın həyat yoldaşı Aslıhan Doğan Turan tanınmış şəxslə münasibətdə olmağın çətinlikləri barədə danışıb.
O, Ardanın məşhur olması səbəbindən evlilik qərarını uzun müddət götür-qoy etdiyini bildirib. Aslıhan Doğan Turan həmin dövrdə ona dəfələrlə “yox” dediyini, ictimaiyyətin diqqəti altında biri ilə münasibət qurmağın çətin gəldiyini söyləyib. Bir neçə il bu münasibətə başlamaqdan çəkindiyini və belə bir həyata tab gətirib-gətirə bilməyəcəyini düşündüyünü qeyd edib.
Onun sözlərinə görə, Arda evinə gəlsə də, qapını açmır, binanın mühafizəsinə zəng edərək onun içəri buraxılmamasını istəyirdi. Aslıhan Doğan Turan bu məqamları münasibətlərinin maraqlı tərəfləri kimi xarakterizə edib və belə hallar olmasaydı, münasibətlərinin bəlkə də nikaha çatmayacağını deyib. O, münasibətdə həddən artıq sakitliyin yaxşı olmadığını, bəzən mübahisənin də lazım gəldiyini vurğulayıb.
Arda Turan və Aslıhan Doğan Turan 2018-ci ildə evləniblər. Cütlüyün Hamza Arda və Asil Aslan adlı iki övladı var.