QafqazNews Yeniavaz.com-a istinadən xəbər verir ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan TRIPP layihəsinin Azərbaycanla əlaqələndirilməsinin vacibliyini qeyd edib.

Simonyan noyabrın 19-da jurnalistlərlə söhbətində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun layihə barədə fikirlərinə münasibət bildirib. Bayramov bir gün əvvəl TRIPP-lə bağlı texniki məsələlərin Azərbaycan tərəfi ilə müzakirə olunmalı olduğunu deyib. O, bunu layihənin giriş və çıxış nöqtələrinin Azərbaycanda yerləşməsi ilə izah edib.

Simonyan isə layihənin Ermənistan ərazisində olmasının onun sonrakı istiqamətinin və hansı kommunikasiya xətlərinə qoşulacağının nəzərə alınmasına mane olmadığını bildirib.

“TRIPP hara gedir, hansı xətlərlə birləşir? Ermənistandakı bu layihə havaya qalxacaq?” – deyə o sual edib.

Simonyanın sözlərinə görə, TRIPP Azərbaycan ərazisindən keçərək Qazaxıstan və Çinlə əlaqələnməlidir. O bildirib ki, layihə Ermənistan ərazisində olsa da, marşrutun davamı və texniki məsələlər müzakirə edilməlidir.

“Fərz edək ki, yol dağa çatdı və orada qaldı, Azərbaycandan keçib irəliləyə, Qazaxıstan və Çinlə birləşə bilmədi. Belə olan halda yolun necə salınacağını, texniki məsələləri kimlə müzakirə edəcəyimizi və marşrutun haradan keçəcəyini soruşmamalıyıq? Marsdan keçəcək?” – Simonyan deyib.

O, müsahibə nümunəsi gətirərək sualın qarşı tərəfdən asılılıq və idarəetmə anlamına gəlmədiyini vurğulayıb: “Siz mənimlə müsahibə aparmaq üçün gəlmisiniz. Onu mənimlə əvvəlcədən müzakirə etməyiniz mənim sizə sərəncam verdiyim, sahib olduğum və sizi idarə etdiyim deməkdir? TRIPP Azərbaycana doğru getməməlidir?”

“Daim hər şeyin mənfi tərəfini axtarmağa çalışırsınız. Suallarınıza bir az məntiq qatın”, – deyə Alen Simonyan əlavə edib.