QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, kiçik elektrik nəqliyyat vasitələrini piyada səkilərində idarə edən sürücülər 40 manat cərimə oluna bilərlər.

Bakı Şəhər DYP İdarəsinin bölmə rəisi, polis mayoru Toğrul Nəsirli bildirib ki, skuterlərin parklarda, həyətlərdə, yaşayış zonalarında və velosiped yollarında hərəkətinə icazə verilir. Ümumi istifadədə olan avtomobil yollarında isə sürücülər yol nişanlarına və nişanlanma tələblərinə əməl etməli, yolun sağ kənar zolağından istifadə etməlidirlər.

Nəsirlinin sözlərinə görə, piyadaların təhlükəsiz və rahat hərəkəti üçün ayrılmış səkilərdə kiçik elektrik nəqliyyat vasitələrinin idarə olunması qadağandır. Bu qaydanın pozulması piyadaların həyat və sağlamlığı üçün təhlükə yaratmaqla yanaşı, inzibati məsuliyyətə də səbəb olur.

İnzibati Xətalar Məcəlləsinin 338-ci maddəsinə əsasən, pozuntuya görə 40 manat cərimə nəzərdə tutulur. Nəsirli sürücüləri yol hərəkəti qaydalarına ciddi əməl etməyə çağırıb.