QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, son 13 il ərzində Avropa İttifaqına köçmüş Ukrayna vətəndaşlarının sayı təxminən 6 milyon nəfər kimi qiymətləndirilir. Bu nəticə Avropa Statistika İdarəsinin (Eurostat) göstəricilərinin hesablanması əsasında əldə olunub.

Ötən ilin sonunda Aİ-də qüvvədə olan yaşayış icazəsi ilə yaşayan Ukrayna vətəndaşlarının sayı təxminən 1,7 milyon olub. Bu ilin sentyabr ayının sonuna dair məlumatlarda isə Ukraynadan gedən 4,37 milyon nəfərin ittifaqda müvəqqəti müdafiə statusu aldığı qeyd edilir. Həmin şəxslərin 98,5 faizi — təxminən 4,3 milyon nəfəri Ukrayna vətəndaşıdır.

İki göstəricinin cəmi təqribən 6 milyon nəfər təşkil edir. Bununla yanaşı, hesablamanın müxtəlif dövrlərə aid statistik məlumatlar əsasında aparıldığı bildirilir.

Rəqəmə sonradan Aİ ölkələrinin vətəndaşlığını əldə etmiş ukraynalılar, həmçinin Avropa İttifaqına üzv olmayan Avropa dövlətlərində yaşayan şəxslər daxil deyil. Hesablamalar 2013-cü ildə Ukraynada baş vermiş Avromaydan hadisələrindən sonrakı dövrü əhatə edir.