QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, Şuşanın işğaldan azad edilməsinin altıncı ildönümünə iki gün qalmış şəhərin bərpası və iqtisadi inkişafı barədə məlumat açıqlanıb. Azərbaycan ordusu 2020-ci il noyabrın 8-də İlham Əliyevin rəhbərliyi ilə Şuşanı işğaldan azad edib. Bundan sonra şəhərdə genişmiqyaslı bərpa və yenidənqurma işlərinə başlanıb.

Deputat Vüqar Bayramov şəxsi Facebook səhifəsində bildirib ki, aparılan işlər Şuşanın tarixi simasının bərpası ilə yanaşı, şəhərin bölgənin iqtisadi inkişaf mərkəzlərindən birinə çevrilməsinə şərait yaradıb.

Onun sözlərinə görə, zəfərədək Şuşanın iqtisadi fəaliyyəti əsasən respublikanın digər bölgələrindəki müəssisələrdən asılı olub. Son altı ildə isə şəhər öz iqtisadiyyatını formalaşdırıb və göstəricilər 44 dəfə yüksəlib. Rayonun əsas sahələrində istehsal olunan məhsulların ümumi dəyəri 2020-ci ildəki 18,5 milyon manatdan hazırda 800 milyon manatdan artıq həddə çatıb.

Bayramov qeyd edib ki, sənaye istehsalı əvvəl 15 min manat təşkil etdiyi halda, hazırda Şuşada 25 milyon manatdan çox emal məhsulu istehsal olunur. Tikinti sahəsindəki göstərici də zəfərdən əvvəlki 12,5 milyon manatdan 750 milyon manatdan yuxarı yüksəlib. Deputatın fikrincə, Şuşa Qafqazın əsas inkişaf mərkəzlərindən biri kimi yeni mərhələyə qədəm qoyub.