QafqazNews Yeniavaz.com-a istinadən xəbər verir ki, Dünya İqtisadi Forumunun 2026-cı il Səyahət və Turizm İnkişaf İndeksində 110 ölkə və iqtisadiyyat qiymətləndirilib. Yaponiya 7 mümkün baldan 5,27 bal toplayaraq siyahıya başçılıq edib.

ABŞ 5,23 balla ikinci, İspaniya 5,22 balla üçüncü sırada yer alıb. İlk beşliyi 5,18 balla Avstraliya və 5,17 balla Fransa tamamlayıb.

Qiymətləndirmədə turist cəlbetmə imkanları ilə yanaşı, infrastruktur, nəqliyyat şəbəkəsi, dövlət siyasəti, təbii və mədəni sərvətlər, eləcə də turizmin davamlı inkişafına yaradılan şərait nəzərə alınıb. İndeks 17 istiqamət üzrə 102 göstəricini əhatə edir. Ölkələr 1-dən 7-yə qədər balla qiymətləndirilir; yüksək nəticə turizm sahəsində daha böyük rəqabət qabiliyyətini ifadə edir.

Azərbaycan 4,07 balla 58-ci pillədə qərarlaşıb. Ölkəmiz 4,08 bal alan Filippinlərdən geri qalıb, Mavriki ilə eyni nəticə göstərib. Qonşu ölkələrdən Türkiyə 4,37 balla 36-cı, Gürcüstan 4,32 balla 40-cı, Ermənistan 3,81 balla 72-ci yerdədir. İran reytinqə daxil edilməyib.

İlk onluqda altı Avropa ölkəsi — İspaniya, Fransa, Almaniya, Birləşmiş Krallıq, İsveçrə və İtaliya yer alıb. Regionun inkişaf etmiş nəqliyyat və turizm infrastrukturu, həmçinin tarixi-mədəni məkanlarının zənginliyi bu nəticənin əsas səbəbləri kimi göstərilir.

Asiya ölkələri arasında ən yüksək mövqedə Yaponiya qərarlaşıb. Çin səkkizinci, Cənubi Koreya 12-ci, Sinqapur isə 13-cü olub. Yaponiyanın göstəricisi inkişaf etmiş nəqliyyat sistemi, zəngin mədəni irsi və turizmin iri şəhərlərdən kənarda da inkişaf etdirilməsi ilə əlaqələndirilir.

Siyahının sonunda 2,75 balla Mali qərar tutub. Syerra-Leone 2,91 balla 109-cu, Kamerun isə 3,05 balla 108-ci yeri tutub.

WEF-in 2026-cı il turizm inkişafı reytinqində ölkələrin sıralaması və balları belədir:

Yaponiya – 5,27; ABŞ – 5,23; İspaniya – 5,22; Avstraliya – 5,18; Fransa – 5,17; Almaniya – 5,09; Birləşmiş Krallıq – 5,08; Çin – 5,00; İsveçrə – 4,97; İtaliya – 4,93; Portuqaliya – 4,91; Cənubi Koreya – 4,90; Sinqapur – 4,89; Kanada – 4,85; Avstriya – 4,72; Danimarka – 4,70; Niderland – 4,69; İsveç – 4,68; Finlandiya – 4,60; İrlandiya – 4,57; Yunanıstan – 4,57; Birləşmiş Ərəb Əmirlikləri – 4,56; İndoneziya – 4,56; Belçika – 4,53; Yeni Zelandiya – 4,51; Malayziya – 4,50; Lüksemburq – 4,46; Polşa – 4,46; Səudiyyə Ərəbistanı – 4,45; Kipr – 4,43; Hindistan – 4,42; Braziliya – 4,41; Malta – 4,41; İslandiya – 4,40; Çili – 4,39; Türkiyə – 4,37; Çexiya – 4,35; Tayland – 4,35; Bolqarıstan – 4,34; Gürcüstan – 4,32; Meksika – 4,31; Macarıstan – 4,31; Rumıniya – 4,31; Estoniya – 4,30; Sloveniya – 4,26; Xorvatiya – 4,25; Qətər – 4,23; Argentina – 4,22; Litva – 4,18; İsrail – 4,18; Kosta Rika – 4,16; Vyetnam – 4,15; Albaniya – 4,14; Kolumbiya – 4,13; Bəhreyn – 4,11; Qazaxıstan – 4,09; Filippinlər – 4,08; Azərbaycan – 4,07; Mavriki – 4,07; Slovakiya – 4,04; Cənubi Afrika – 3,99; Oman – 3,98; Misir – 3,97; Peru – 3,96; Panama – 3,96; Dominikan Respublikası – 3,93; Latviya – 3,89; Serbiya – 3,89; Şri-Lanka – 3,85; Mərakeş – 3,84; Uruqvay – 3,82; Ermənistan – 3,81; İordaniya – 3,80; Tanzaniya – 3,70; Laos – 3,69; Özbəkistan – 3,69; Keniya – 3,67; Yamayka – 3,65; Monqolustan – 3,64; Ekvador – 3,64; Şimali Makedoniya – 3,64; Tunis – 3,62; Bosniya və Herseqovina – 3,58; Botsvana – 3,57; Paraqvay – 3,56; Nepal – 3,55; El Salvador – 3,53; Küveyt – 3,53; Əlcəzair – 3,52; Namibiya – 3,50; Ruanda – 3,47; Boliviya – 3,44; Qırğızıstan – 3,44; Qvatemala – 3,43; Pakistan – 3,42; Zambiya – 3,37; Qana – 3,35; Banqladeş – 3,34; Seneqal – 3,29; Nikaraqua – 3,28; Zimbabve – 3,27; Kot-d'İvuar – 3,26; Honduras – 3,22; Nigeriya – 3,20; Anqola – 3,18; Benin – 3,13; Malavi – 3,08; Kamerun – 3,05; Syerra-Leone – 2,91; Mali – 2,75.