QafqazNews Manset.az-a istinadən xəbər verir ki, taksi sürücülərinin gəlirlərindən sifariş operatorları vasitəsilə 1 faiz sadələşdirilmiş vergi tutulması təklif olunur. Bu müddəa Vergi Məcəlləsinə dəyişiklik layihəsində yer alıb və sənəd 2027-ci ilin büdcə zərfinə daxil edilib.

Hazırda taksi fəaliyyəti üzrə sadələşdirilmiş vergi regionlar üçün müəyyən edilmiş sabit məbləğlərlə, vergitutma obyekti kimi isə nəqliyyat vasitəsi götürülməklə ödənilir. Sahədə nağd dövriyyənin yüksək olması və gəlirlərin tam bəyan edilməməsi ehtimalı uçot və inzibatçılıqla bağlı çətinliklər yaradır.

Mövcud qayda fəaliyyətdəki faktiki həcmi və sürücülərin qazancını nəzərə almır. Beləliklə, əsas məşğuliyyəti taksi sürücülüyü olan şəxslər də, yalnız əlavə gəlir üçün məhdud vaxt işləyənlər də eyni məbləğdə vergi ödəyirlər.

Layihəyə görə, vergi obyekti avtomobil deyil, xidmət göstərən şəxsin gəliri olacaq. Verginin platformalar və ya sifarişləri qəbul edən vasitəçilər üzərindən, ödəniş zamanı 1 faiz dərəcə ilə tutulması təklif edilir.

Sənəddə bildirilir ki, bu üsul vergini faktiki gəlirə uyğunlaşdıracaq və sürücülərin inzibati yükünü yüngülləşdirəcək. Nağdsız, izlənə bilən ödənişlərin təşviqi şəffaflığı artırmağa, kölgə dövriyyəsini azaltmağa xidmət edəcək. Nəticədə bazarda rəqabət bərabərliyinin güclənməsi, vergi bazasının genişlənməsi və büdcə daxilolmalarının sabitləşməsi gözlənilir.