QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, Tehranda yalnız qadın könüllülərin iştirakı üçün nəzərdə tutulan hərbi hazırlıq mərkəzi fəaliyyətə başlayıb. ABŞ və İsraildən mümkün hücumlara hazırlıq məqsədi daşıyan təlimlər “Can Fəda” kampaniyasının tərkib hissəsidir.

Layihə könüllülərə hərbi hazırlıq, təcili tibbi yardım, maddi-texniki dəstək və şəhər müdafiəsi sahələrində bilik verməyi hədəfləyir. Kampaniyanı İran İslam İnqilabı Keşikçiləri Korpusu və “Bəsic” təşkilatı həyata keçirir.

Tehranın İmam Hüseyn və Həft-i Tir meydanlarında qadınlarla yanaşı kişilər üçün də təlimlər keçirilib. İştirakçılara silahlardan, çoxlüləli raket qurğularından və hava hücumundan müdafiə sistemlərindən istifadə qaydaları, həmçinin ilkin döyüş hazırlığı öyrədilir.

İranda qadınlar məcburi hərbi xidmətdən azad olsalar da, könüllü təlimlərdə iştirakları təşviq olunur. Kampaniya üzrə qeydiyyatdan keçənlərin sayı 30 milyonu keçib və onların təxminən yarısı qadınlardır.