QafqazNews Konkret.az-a istinadən xəbər verir ki, Azərbaycanda mənzil və torpaq sahələrinin alqı-satqısı zamanı ödənilən dövlət rüsumları əmlakın kimə satılmasına və əməliyyatın aparıldığı əraziyə əsasən dəyişir.

Əmlak ər-arvadın, övladların, valideynlərin, baba-nənənin, nəvələrin, qardaş və bacıların adına keçirildikdə dövlət rüsumu 25 manatdır. Notariat xidməti üçün bu məbləğə əlavə olaraq 3,75 manat ödənilir.

Digər şəxslərə satış zamanı rüsum əmlakın yerləşdiyi yerə görə hesablanır: Bakı şəhərində 280 manat, Sumqayıt və Gəncə şəhərlərində, eləcə də Abşeron rayonunda 196 manat, başqa şəhər və rayonlarda isə 140 manat. Notariat xidmət haqqı müvafiq olaraq 42 manat, 29,40 manat və 21 manat təşkil edir.

Daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması ilə bağlı çıxarışın verilməsi üçün 50 manat rüsum tutulur. Texniki pasport və plan-ölçü sənədlərinin rəsmiləşdirilməsi isə 75 manatdır.

Göstərilən məbləğlərə yalnız dövlət rüsumu və qeyd olunan notariat xidmət haqqı daxildir. Qeydiyyat prosesində başqa xidmət haqları və əlavə xərclər də yarana bilər.

Beləliklə, alqı-satqı zamanı ümumi ödəniş əməliyyatın növündən, tərəflərin qohumluq əlaqəsindən və əmlakın yerləşdiyi ərazidən asılı olur.