QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, Səhiyyə Nazirliyi təmirə bağlanan Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun fəaliyyəti ilə bağlı açıqlama yayıb. Məlumatda binanın texniki durumu səbəbindən korpuslardan birinin fəaliyyətinin dayandırıldığı bildirilib.
Nazirliyin məlumatına görə, uzun müddət istifadə olunan binanın texniki vəziyyəti araşdırılarkən onun bəzi hissələrinin qəzalı olduğu aşkarlanıb. Tibbi personalın və pasiyentlərin təhlükəsizliyi nəzərə alınaraq həmin korpusun fəaliyyətinə xitam verilməsi qərara alınıb.
Xidmətlərin fasiləsizliyini qorumaq üçün pasiyentlərə lazım olan tibbi yardımın Ağciyər Xəstəlikləri Mərkəzinin tabeliyindəki ixtisaslaşmış tibb müəssisələrində göstərilməsi planlaşdırılır. Pasiyentlər tibbi göstərişləri və müalicə tələbatları əsasında uyğun profilli müəssisələrə göndəriləcək.
Görülən tədbirlər pasiyentlərin və tibb işçilərinin təhlükəsizliyini təmin etməyə, həmçinin əhaliyə göstərilən tibbi xidmətlərin davamlılığını saxlamağa yönəlib.