QafqazNews Yeniavaz.com-a istinadən xəbər verir ki, “Nvidia”nın qurucusu və baş icraçı direktoru Censen Huanqın sərvəti son iki həftə ərzində təxminən 50 milyard dollar azalıb. Rəhbərin vəzifəsini itirə biləcəyi barədə iddialar isə vəziyyəti daha da gərginləşdirib.

Huanqla bağlı qalmaqal yeni məlumatlarla genişlənib. Çin kəşfiyyatı ilə əlaqəsi olduğu iddia edilən Alis Huanq barədə xəbərlərin ardınca “Nvidia”nın səhiyyə üzrə vitse-prezidenti Kimberli Povell ilə münasibət iddiası yayılıb.

“New York Times”ın yazdığına görə, şirkətin beş əməkdaşı Censen Huanqla Kimberli Povell arasında nikahdankənar münasibət olduğunu iddia edib. Tərəflər bu məlumatı təsdiqləməyib və məsələ ilə bağlı ictimaiyyət qarşısında açıqlama verməyiblər.

Qalmaqal fonunda “Nvidia”nın direktorlar şurasının Huanqın vəzifədən uzaqlaşdırılması məsələsini müzakirə etdiyi bildirilir.

Şirkətin səhmlərinin ucuzlaşması rəhbərin şəxsi sərvətinə də təsir göstərib. “Forbes”in real vaxt məlumatlarında noyabrın 11-də Huanqın sərvəti 151,2 milyard dollar göstərilib. Sentyabrda isə bu məbləğ 200 milyard dolları keçmişdi. Sərvətindəki eniş nəticəsində o, dünyanın ən varlı şəxslərinin ilk onluğundan çıxıb.

Noyabrın 12-də səhmlərin təxminən 8 faiz ucuzlaşdığı nəzərə alınarsa, Huanqın sərvətinin daha 10-12 milyard dollar azalacağı ehtimal edilir. Onun vəzifədən getməsi “Nvidia”nın bazar dəyərinə əlavə mənfi təsir göstərə bilər.

Məlumatda, həmçinin, Huanqın həyat yoldaşına xəyanət etdiyi iddiaları fonunda boşanacağı təqdirdə sərvətinin yarısının həyat yoldaşına çatacağı qeyd olunur.