QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, təhsil sahəsində dövlət vəzifələrində çalışan bəzi şəxslər sonradan fəaliyyətlərini universitetlərdə davam etdiriblər. Onların bir qismi təhsil siyasətinin formalaşmasında iştirak etdikdən sonra akademik mühitdə çalışıb.
Bu şəxslərin karyerasında Azərbaycanın ilk ali təhsil ocağı olan Bakı Dövlət Universiteti (BDU) xüsusi yer tutur. Təhsil idarəçiliyində mühüm vəzifələr tutmuş şəxslərdən bir neçəsi həmin postlardan ayrıldıqdan sonra universitetdə işə başlayıb.
Misir Mərdanov 1989-cu ildən 1992-ci ilin oktyabrınadək Təhsil Nazirliyinin Ali Təhsil İdarəsinin rəisi və nazir müavini olub. 1992-1996-cı illərdə BDU-da tədris işləri üzrə prorektor, 1996-1998-ci illərdə isə rektor kimi çalışıb. O, 1998-ci ildən 2013-cü il aprelin 18-dək təhsil naziri vəzifəsini tutub. Bu ilin yanvarından Mərdanov BDU-nun Mexaniki-riyaziyyat fakültəsində kafedra müdiri vəzifəsinə təsdiqlənib.
İradə Hüseynova 1985-2005-ci illərdə BDU-da müəllim işləyib. 2002-ci ildə təhsil nazirinin müavini təyin olunan Hüseynova 2011-ci ilədək həmin vəzifədə qalıb. Hazırda o, universitetin Qafqaz xalqları tarixi kafedrasına rəhbərlik edir.
İlham Pirməmmədov 1998-2013-cü illərdə Təhsil Nazirliyinin aparat rəhbəri, 2013-2016-cı illərdə isə nazir müşaviri olub. Nazirlikdən ayrıldıqdan sonra Azərbaycan Texniki Universitetində elm və texnika üzrə prorektor təyin edilib. Bununla yanaşı, BDU-nun Nəzəri mexanika kafedrasında pedaqoji fəaliyyət göstərir.
Məleykə Abbaszadə 1994-cü ildə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası sədrinin birinci müavini vəzifəsinə gətirilib. 1996-2000-ci illərdə sədr vəzifəsini müvəqqəti icra edib, 2000-2016-cı illərdə isə TQDK-ya rəhbərlik edib. 2016-cı ildən komissiyanın bazasında yaradılan Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri olub, 2024-cü ildə İdarə Heyətinin sədri təyin edilib. Noyabrın 19-da vəzifəsindən azad edilən Abbaszadə BDU-nun rektoru təyin olunub.