QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, Avropanın 25-dən çox ölkəsində gənclər bahalaşmaya, mənzil probleminə və hərbi xərclərin yüksəldilməsinə etiraz ediblər.

Fransa, Almaniya və Böyük Britaniya da daxil olmaqla müxtəlif ölkələrdə keçirilən aksiyalara 50-dən artıq gənclər və tələbə təşkilatı qatılıb. Nümayişçilər “Bizim gələcəyimiz üçün mübarizə aparırıq, onların müharibələri üçün deyil” şüarı səsləndiriblər.

Etirazçılar hökumətlərdən hərbi büdcələri azaltmağı, təhsilə ayrılan maliyyəni artırmağı, hamının mənzil hüququnu təmin etməyi və yaşayış xərclərinin artımına qarşı addımlar atmağı tələb ediblər.

Aksiyaların daha geniş yayıldığı İtaliyada minlərlə tələbə Milan, Genuya və Bolonyada yürüş keçirib. Romada isə “Müharibəyə deyil, məktəblərə pul” şüarı səslənib. Nümayişlər nəqliyyat, təhsil və səhiyyə sahələrini əhatə edən ümumi tətil zamanı təşkil olunub.

Berlindəki aksiyaya təxminən 15 min nəfər qatılıb. Böyük Britaniyada isə 350-dən çox məktəb və universitetin tələbələri tətilə qoşulublar.

Fransız tarixçisi Silven Bulukun sözlərinə görə, hazırda dünyanın müxtəlif yerlərində gənclər eyni vaxtda etiraz hərəkatlarına başlayırlar. O, bu aksiyaların ortaq cəhətlərindən birinin hüquq-mühafizə orqanlarına və dövlət qurumlarına inamsızlıq olduğunu bildirib.

Məlumata görə, Avropada yayılan etirazlara Fransada sentyabrda daha yaxşı təhsil şəraiti tələbi ilə başlayan tələbə boykotları təkan verib. Aksiyaların həftəsonu da davam edəcəyi gözlənilir.