QafqazNews Patrulaz.az-a istinadən xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Polşa ərazisinə pilotsuz uçuş aparatlarının və raketlərin təsadüfən düşdüyünü bildirib. O, bu fikirləri bu gün “Fox News” telekanalına müsahibəsində səsləndirib.
“Mən bununla bağlı heç nə edə bilmərəm. Putin səhvən Polşaya dronlar və bir-iki kiçik raket göndərir”, – Tramp deyib.
Polşanın Baş naziri Donald Tusk Trampın açıqlamasından bir neçə saat sonra keçirdiyi mətbuat konfransında insidentin təsadüfi olmadığını söyləyib. O, Rusiyanın “qəsdən təxribat” törətdiyini bildirib.
Noyabrın 20-nə keçən gecə Rusiyanın Ukraynaya genişmiqyaslı raket və dron hücumu zamanı Polşanın hava məkanına iki “X-101” raketi və bir reaktiv dron daxil olub. Hadisədə xəsarət alan olmayıb.