QafqazNews Manset.az-a istinadən xəbər verir ki, ABŞ Prezidenti Donald Trampın İrana qarşı yeni və genişmiqyaslı hərbi əməliyyat planı üzərində düşündüyü barədə dünya mediasında məlumatlar yayılıb.

ABŞ və İsrail rəsmilərinin sözlərinə əsaslanan xəbərə görə, İsrailin Baş naziri Binyamin Netanyahu Vaşinqtonu İsrail qüvvələri ilə birgə İrana 4-7 gün davam edə biləcək hava zərbələrində iştirak etməyə razı salmağa çalışır.

Məlumatlı mənbələr bildiriblər ki, Tramp İsrailin İranın raket və pilotsuz uçuş aparatı ehtiyatlarını yenidən artırması, eləcə də kimyəvi və bioloji silah proqramlarını genişləndirməsi barədə xəbərdarlıqlarını nəzərə alır. Bu narahatlıqlar ABŞ prezidentinin İrana qarşı yeni genişmiqyaslı hərbi planı dəyərləndirməsinə səbəb olub.

ABŞ rəsmilərindən biri Trampın ABŞ-nin faktiki olaraq müharibədə məğlub olduğu barədə tənqidlərə həssas münasibət göstərdiyini qeyd edib.

Digər amerikalı mənbə isə İranın nüvə silahına heç vaxt sahib olmamasını təmin etmək üçün bütün mümkün seçimlərin prezidentin nəzərdən keçirdiyi variantlara daxil olduğunu bildirib.