QafqazNews Baku.ws-a istinadən xəbər verir ki, Türkiyədə fond istintaqı ilə əlaqələndirilən şəxslərin və şirkətlərin adları açıqlanıb. Məlumatı “Hürriyet” qəzetinin köşə yazarı Ahmet Hakan paylaşıb.

Hakanın yazısında ilk olaraq “Pusula” və “Katılımevim”lə əlaqəli olduğu bildirilən iş adamı Serdar Turhanın adı çəkilib. Müəllif onun həbsdə olduğunu bildirərək dələduzluqla bağlı məbləğin 33 milyard lirəni keçdiyini yazıb.

Siyahının ikinci sırasında şirkətlə əlaqələndirilən Emre Tezmenin adı yer alıb. Ahmet Hakan onun da həbs olunduğunu qeyd edib.

Üçüncü sırada Cihan Sütşurup və Melis Sandal göstərilib. Yazıda Sandalın vəsaitin 1,4 milyard lirəsini qaytardığı, 4,3 milyard lirəyə isə məhkəmə qərarı ilə həbs qoyulduğu iddia olunur. Qalan 4,5 milyard lirənin geri alınmadığı, hər iki şəxsin axtarışda olduğu bildirilir.

Dördüncü şəxs kimi “Pusula”nın portfel rəhbəri olduğu deyilən, 29-30 yaşlarında Muhammet Yariz təqdim edilib. Hakan onun da həbsdə olduğunu yazıb.

Köşə yazısında göstərilən rəqəmlərin cəmi 65 milyard lirədir. Bununla yanaşı, həmin göstəricilərin yalnız Ahmet Hakanın yazısında irəli sürdüyü iddialara əsaslandığı vurğulanıb.