QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, Azərbaycan Respublikası Media və Yayım Şurası media subyektlərinə maliyyə yardımının ayrılması və jurnalistlər arasında müsabiqələrin təşkili ilə bağlı iki qaydanı təsdiqləyib.

Sənədlər Şuranın sədri Əhməd İsmayılovun 2026-cı il noyabrın 11-də imzaladığı Q/02 nömrəli qərarla qüvvəyə minməsi üçün təsdiq edilib.

Yeni tələblərə görə, onlayn media qurumları ictimai-siyasi və idman məzmunu üzrə ayrıca təşkil edilən müsabiqələrə müraciət edə biləcək. İştirakçı Media Reyestrində qeydiyyatda olmalı, məsul redaktor və üç jurnalist daxil olmaqla minimum dörd nəfərlik heyətə sahib olmalıdır. Bundan əlavə, ofis və iş şəraiti təmin edilməli, saytında “Metrix” təhlil alətinin skripti yerləşdirilməli, media subyekti son iki il ərzində fasiləsiz fəaliyyət göstərməlidir.

Onlayn media üçün bal ekspert rəyi, sayta baxışlar və sosial şəbəkə göstəricilərinə əsasən hesablanacaq. Bu meyarların çəkisi müvafiq olaraq 50, 25 və 25 faizdir. Məzmunun orijinallığı, peşəkar jurnalistika qaydalarına uyğunluğu, dil və üslub, plagiat, texniki göstəricilər və auditoriyanın aktivliyi də araşdırılacaq.

Facebook, Instagram, TikTok, YouTube, Telegram və X hesablarının göstəriciləri nəzərə alınacaq. Hesabın media qurumuna aid olması təsdiqlənməzsə, həmin platforma üzrə qiymət verilməyəcək. İzləyici sayının, baxışların və qarşılıqlı əlaqənin saxta üsullarla artırılması qayda pozuntusu sayılacaq.

Çap mediası üzrə seçimdə ictimai-siyasi qəzetlər iştirak edə biləcək. Nəşr son bir il ərzində müntəzəm çıxmalı, həftədə ən azı bir dəfə çap olunmalıdır. Onun birdəfəlik tirajı minimum 1500, yayım sayı isə azı 1000 nüsxə olmalıdır. Qəzetin yaradıcı heyətində ən azı beş nəfər çalışmalıdır.

Jurnalistlər üçün də ayrıca müsabiqə keçiriləcək. Onlar son üç ayda çap və ya onlayn mediada yayımlanan bir yazı ilə səkkiz nominasiya üzrə müraciət edə bilərlər. Nominasiya istiqamətlərinə ən yaxşı reportaj, ictimai-siyasi və sosial-iqtisadi təhlil, müsahibə, mədəniyyət mövzusu, publisistik məqalə, jurnalist araşdırması və oçerk daxildir.

Audiovizual media əməkdaşları son üç ayda yayımlanmış, beş dəqiqədən artıq olmayan süjetlə üç nominasiya üzrə yarışa biləcəklər. Hər nominasiya üzrə maksimum beş qalib müəyyənləşdiriləcək. Qalib jurnalistə 700 manat, mükafat qazanan süjetin hazırlanmasında iştirak edən operatora isə 350 manat veriləcək.

Təqdim edilən işlərdə ekspert rəyi 80 faiz, sosial şəbəkələrdəki qarşılıqlı əlaqə göstəriciləri 20 faiz çəkiyə malik olacaq. Süni şəkildə artırılan bəyənmə, şərh və paylaşımlar qiymətləndirməyə daxil edilməyəcək.

Tələblərin pozulması, saxta sənəd və yanlış məlumat təqdim olunması, eləcə də göstəricilərin süni artırılması maliyyə yardımının kəsilməsinə və ya iştirakçının müsabiqədən çıxarılmasına gətirib çıxara bilər.

Qərar Hüquqi Aktların Dövlət Reyestrinin elektron variantında dərc olunduğu tarixdən qüvvəyə minəcək.