QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, Vilnüsdəki İlahi Mərhəmət Kilsəsindən oğurlanan qızıl İsa heykəli şəhərin Köhnə Şəhər hissəsində parçalara ayrılmış vəziyyətdə aşkarlanıb. Hadisə noyabrın 11-də baş verib.
Təhlükəsizlik kameralarının qeydə aldığı görüntülərdə iki nəfərin heykəli küçə ilə apardığı görünür. Şəxslərdən biri gülərək heykəli digərinə qaldırır, az sonra isə onun qolları qopur. Şübhəlilərdən birinin baş verənləri telefonla çəkdiyi bildirilir. Görüntüdə digər şəxsin ingilis ləhcəsi ilə danışdığı eşidilir. Heykəl parçalandıqdan sonra onlar qalıqları orada qoyaraq ərazidən çıxıblar. Şübhəlilərdən birinin kimliyi artıq müəyyən edilib.
Kilsənin rahibi Elijas Anatolijus Markauskas görüntüləri sosial şəbəkədə paylaşaraq hadisəni törədənlərin tapılması üçün ictimaiyyətə müraciət edib. O, baş verənlərdən dərindən kədərləndiyini deyib və heykəlin inanclı insanlar üçün yalnız dini əşya deyil, həm də böyük mənəvi dəyər daşıdığını vurğulayıb.
Markauskas nifrətə qapılmamaq üçün dua etdiyini bildirib. Rahib heykəli dağıdan şəxslərin əməllərini dərk etməsini və Tanrının bağışlayan sevgisini tanımasını arzulayıb.
Heykəlin parçaları əvvəlki yerinə qaytarılıb, ətrafı güllərlə bəzədilib.