QafqazNews Manset.az-a istinadən xəbər verir ki, yaşı qəbul etmək və yaşlanma ilə bağlı mənfi stereotiplərdən uzaq durmaq insanın özünü daha gənc hiss etməsinə, eləcə də ömrünün uzanmasına kömək edə bilər. Araşdırmalar yaş barədə mənfi düşüncələrin həm insanın özünə münasibətinə, həm də fiziki və psixoloji sağlamlığına təsir etdiyini göstərir.
Ümumdünya Səhiyyə Təşkilatının yaşa görə ayrı-seçkilik haqqında qlobal hesabatında qeyd olunur ki, bu münasibət insanların həm başqalarına, həm də özlərinə yanaşmasına təsir göstərə bilər. Yaş zəminində qərəzli davranış müxtəlif yaş qruplarına yönəlsə də, daha çox yaşlı insanlarla bağlı müşahidə olunur.
Böyük Britaniyada hər üç nəfərdən biri yaşı ilə əlaqədar qərəz və ya ayrı-seçkiliklə qarşılaşır. ABŞ-da 50-80 yaşlı 2 min nəfərin iştirak etdiyi sorğuda isə respondentlərin 93 faizi gündəlik həyatda yaşa görə ayrı-seçkiliyin fərqli formalarını gördüyünü bildirib.
Kanadada yerləşən Makmaster Universitetinin Yaşlanma Araşdırmaları İnstitutunun elmi direktoru Parminder Raina bu problemin hər kəsə aid olduğunu vurğulayır: indi başqalarına yaşına görə mənfi yanaşan şəxslər də zamanla yaşlanacaq.
Rainanın sözlərinə görə, yaşlanma haqda mənfi təsаввurlar uşaqlıqdan formalaşa bilər. Uşaqların bu mövzудаki baxışlarına valideynlərin münasibəti, media və cəmiyyətdə yayılan stereotiplər təsir edir. Buna görə mütəxəssislər yaşlanmanın həyatın təbii mərhələsi olduğunu uşaqlara erkən yaşlardan anlatmağı vacib hesab edirlər.
Raina yaşlanmanın dağıdıcı proses kimi təqdim olunmasını düzgün saymır və onu müasir səhiyyənin nailiyyətlərindən biri kimi dəyərləndirir. O, yaşlı əhalinin çoxalmasını “boz sunami” adlandırmağa da qarşı çıxır: yaşlanma cəmiyyət üçün dağıdıcı qüvvə deyil.
Mütəxəssislər bildirirlər ki, yaşla bağlı mənfi stereotiplər insanın davranışına və özünəinamına ciddi təsir göstərə bilər. Nəticədə yaşlı insanlar yeni biliklər qazanmaqdan və bacarıqlarını artırmaqdan çəkinə bilərlər, halbuki bunun üçün imkanları qalır.
Böyük Britaniyanın Kent Universitetində sosial və təşkilati psixologiyanı araşdıran Hannah Sviftin fikrincə, insanlara tapşırığı yerinə yetirməzdən əvvəl yaşlarının xatırladılması nəticələrin pisləşməsinə səbəb ola bilər. Bu hal yaş stereotiplərinin yaratdığı narahatlıq və özünə inamsızlıqla əlaqələndirilir.
Mütəxəssislər yaşlıların hamısının zəif və başqalarının köməyinə möhtac insanlar kimi göstərilməsini də yanlış hesab edirlər. Rainanın bildirdiyinə görə, onların böyük əksəriyyəti müstəqil yaşayır, ictimai fəaliyyətlərdə yer alır və cəmiyyətə töhfə verir. Sağlamlıq problemi və xüsusi qayğı ehtiyacı olanlar isə ümumi yaşlı əhali içində azlıq təşkil edir.
Araşdırmalar yaşı ilə barışan və yaşlanmaya müsbət baxan insanların özlərini daha gənc hiss edə bildiyini göstərir. ABŞ-ın Yel Universitetinin İctimai Səhiyyə Məktəbinin professoru, epidemioloq və psixoloq Bekka Levinin araşdırmasına əsasən, yaşı barədə müsbət düşünənlər mənfi düşünənlərlə müqayisədə orta hesabla 7,5 il artıq yaşayırlar.
Levinin tədqiqatları həmin insanlarda yaddaş göstəricilərinin də daha yaxşı ola biləcəyinə işarə edir. Onlarda Altsheymerlə əlaqəli bəzi beyin biomarkerlərinin səviyyəsi aşağı, yaddaş üçün vacib olan hipokamp nahiyəsinin kiçilməsi isə daha az müşahidə olunub.
Əksinə, yaşa görə ayrı-seçkilik və mənfi stereotiplər fiziki fəallığın azalması, idrak qabiliyyətlərinin zəifləməsi, depressiya və narahatlıq əlamətləri ilə nəticələnə bilər. Yaşlı insanların sosial münasibətlərdən kənarda qalması tənhalıq və təcrid ehtimalını da yüksəldir.
Yaş stereotiplərinin zəiflədilməsi üçün nəsillər arasında ünsiyyətin artırılması vacib sayılır. Müxtəlif yaşlarda olan insanların birlikdə vaxt keçirməsi, təcrübə bölüşməsi və əlaqələrini genişləndirməsi ayrı-seçkiliyin azalmasına yardım edə bilər.
Mütəxəssislər yaşlıların müəyyən geyimə, davranışa və həyat tərzinə uyğunlaşmalı olduqları fikrini də tənqid edirlər. Onların qənaətinə görə, yaş insanın geyimini, maraqlarını və ictimai fəallığını məhdudlaşdırmamalıdır.
Araşdırmada insanın yaşı ilə bağlı münasibətini yaxşılaşdırmaq üçün üç addım təklif edilir. Əvvəlcə özündə və ətrafında mövcud olan yaş stereotiplərini müəyyənləşdirmək, sonra qarşılaşılan çətinliyin yaşlanmadan, yoxsa ayrı-seçkilikdən qaynaqlandığını ayırd etmək lazımdır. Son mərhələdə isə yaşlı insanların imkanları barədə təsəvvürləri sorğulayıb onların doğruluğunu yoxlamaq tövsiyə olunur.
Mütəxəssislər bildirirlər ki, insanın yaşını qəbul etməsi və yaşa görə ayrı-seçkiliyin olmadığı cəmiyyətin qurulması yalnız yaşlıların deyil, hamının həyat keyfiyyətinə müsbət təsir edə bilər.