QafqazNews Patrulaz.az-a istinadən xəbər verir ki, magistral yollarda minik avtomobillərinin yük maşınlarına arxadan çırpılması ilə ağır nəticələnən qəzalar son vaxtlar artıb. Hadisələr həm hərəkətdə olan, həm də nasazlıq və ya başqa səbəblə yolun hərəkət hissəsində saxlanılan nəqliyyat vasitələrinin iştirakı ilə baş verir.
Bu gün səhər aparıcı Ada Süleymanovanın olduğu “VOYAH” markalı avtomobilin yük maşınına arxadan çırpılması məsələni yenidən gündəmə gətirib. Belə qəzada, xüsusən ölüm qeydə alınarsa, öndəki nəqliyyat vasitəsinin sürücüsünün hansı hallarda məsuliyyət daşıdığı və hansı cəza ilə üzləşə biləcəyi sual doğurur.
Hüquqşünas Səməd Vəkilov bildirib ki, bu hadisələr üzrə hüquqi qiymət yük avtomobilinin qəza zamanı hansı vəziyyətdə olmasından və yol şəraitindən asılıdır. Onun sözlərinə görə, yol örtüyündəki nasazlıq üzündən yük maşını dayanmağa məcbur qaldıqda məsuliyyət bölüşdürülməlidir.
Vəkilov qeyd edib ki, texniki və ya başqa səbəbdən yolun hərəkət hissəsində qalan nəqliyyat vasitəsinin sürücüsü qəza dayanma nişanı və digər xəbərdaredici vasitələrdən istifadə edərək arxadan gələnləri məlumatlandırmalıdır.
Hüquqşünasın sözlərinə görə, ölümə səbəb olan bu tip hadisələr ehtiyatsızlıqdan adam öldürmə maddəsi üzrə araşdırılır. O vurğulayıb ki, yolun istismarına cavabdeh qurumun, hərəkət təhlükəsizliyinə nəzarət edən orqanın və yük maşınının sürücüsünün, yaxud sahibinin məsuliyyət dərəcəsi hüquqi qaydada hərtərəfli yoxlanmalıdır.