QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, Salyan şəhərində yerləşən “Aşxana” kafesində sanitar-gigiyena qaydalarına və qida təhlükəsizliyi tələblərinə əməl olunmadığı müəyyən edilib. Bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
AQTA-nın Şirvan-Salyan regional bölməsinin əməkdaşları H.Z. Tağıyev küçəsində yerləşən, fiziki şəxs Məmmədova Gülər Sənan qızına məxsus obyektdə nəzarət tədbiri keçiriblər.
Yoxlama zamanı kafenin qeydiyyatsız işlədiyi və yemək bişirmək üçün mətbəx sahəsinin olmadığı üzə çıxıb. Ev şəraitində hazırlanan qidaların mənşəyi məlum olmayıb, istifadə edilən su filtrdən keçirilməyib, temperatur tələblərinə də riayət edilməyib.
Obyektdə digər sanitar-gigiyenik və sanitar-texniki qayda pozuntuları da qeydə alınıb. Faktla bağlı inzibati protokol tərtib edilib, sahibkara icrası məcburi göstərişlər verilib. Aşkarlanan nöqsanlar aradan qaldırılanadək kafenin fəaliyyətinin məhdudlaşdırılması barədə qərar qəbul olunub.