QafqazNews Baku.ws-ə istinadən xəbər verir ki, Zəfər Günü ilə əlaqədar noyabrın 8-də Bakının müxtəlif ünvanlarında hərbi orkestrlər çıxış edəcək. Noyabrın 9-da isə Bakı, Sumqayıt, Gəncə, Xankəndi və Naxçıvanda hərbi qulluqçuların yürüşləri keçiriləcək.

Müdafiə Nazirliyindən bildirilib ki, noyabrın 8-də saat 16:00-dan 18:00-dək musiqi kollektivləri Heydər Əliyev parkında, Heydər Əliyev sarayının qarşısında, Filarmoniya parkında, Fəvvarələr meydanında, Koroğlu parkında, Sahil parkında və Zabitlər parkında nümunəvi proqram təqdim edəcəklər.

Hərbi qulluqçular noyabrın 9-da saat 11:00–13:00 aralığında yürüş edəcəklər. Bakıdakı marşrutlardan biri Heydər Əliyev Sarayından başlayaraq Bülbül prospekti, Nizami Kino Mərkəzi, Neftçilər prospekti və Azadlıq meydanından keçərək Dəniz vağzalında başa çatacaq.

Digər istiqamət Şəhidlər Xiyabanından başlayacaq. Yürüş iştirakçıları “Alov Qüllələri” Kompleksi, Çəmbərəkənd parkı, “İçərişəhər” metrosu, İçərişəhər Qala Qapısı və Azərbaycan Dövlət Kukla teatrından keçərək Azneft dairəsi və Bəhram Gur heykəlinə çatacaqlar.

Nərimanov heykəlindən start götürən marşrut Mərkəzi Park, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı, Qış Parkı, Heydər Əliyev Sarayı, Azərbaycan Respublikası Mərkəzi Bankı və “28 Mall” Ticarət mərkəzini əhatə edir.

“Olimpik Star” İdman və Əyləncə Mərkəzindən başlayan yürüş Səməd Vurğun küçəsi, Zabitlər parkı, Bakı Dövlət Sirki, Heydər Əliyev Sarayı və İmadəddin Nəsimi heykəlindən keçərək Neftçilər prospektinə yönələcək.

Q.Musabəyov parkından başlayan digər marşrut Əbdürrəhim Bəy Haqverdiyev küçəsi, Hüseyn Cavid prospekti və parkı, Parlament prospekti boyunca davam edərək Şəhidlər Xiyabanında yekunlaşacaq. Sumqayıt, Gəncə, Xankəndi və Naxçıvanda yürüşlər şəhərlərin mərkəzi küçə və prospektlərində təşkil ediləcək.