QafqazNews Konkret.az-a istinadən xəbər verir ki, Dubay şeyxi Səid bin Məktum bin Rəşid Əl Məktumun keçmiş həyat yoldaşı, azərbaycanlı gimnast Zeynəb Cavadlı BMT-nin İnsan Hüquqları Şurasına videomüraciət edib. O, ölkənin xüsusi xidmət orqanlarının əməkdaşlarının ona işgəncə verdiyini və üç qızını zorla apardığını iddia edib.

Cavadlının bildirdiyinə görə, 2026-cı ilin iyununda silahlı, üzləri maskalı şəxslər gecə vaxtı onun evinə daxil olublar. O, döyüldüyünü, narkotik təsirli maddələr verildikdən sonra müqavimət göstərə bilmədiyini söyləyib. Həmin şəxslərin üç azyaşlı qızını yataqlarından götürərək apardığı qeyd olunub.

“Qızlarımın son gördüyü mənzərə evimizin döşəməsində döyülmüş və narkotik maddələrin təsiri altında uzanan anaları idi. Mənim son eşitdiyim isə onların qışqırıqları oldu”, – Cavadlı deyib.

O, həmin vaxtdan bəri 10 yaşlı Səna, 8 yaşlı Asiya və 7 yaşlı Səlaməni görmədiyini bildirib.

Cavadlının britaniyalı vəkilləri BMT-dən məsələyə müdaxilə etməyi istəyiblər. Vəkil Rodni Dikson təşkilata rəsmi müraciət göndərərək qızların harada saxlanıldığının və təhlükəsizliklərinin müəyyənləşdirilməsinə kömək göstərilməsini xahiş edib. BMT-nin işgəncələr üzrə xüsusi məruzəçisi Pau Peres-Salesdən də Cavadlının 2026-cı ilin iyununda saxlanılması ilə bağlı halları araşdırmaq istənilib.

Müdafiə tərəfi dövlət təhlükəsizlik orqanlarının əməkdaşlarının Cavadlını döydüyünü və altı gün ərzində vəkillə görüşməsinə imkan vermədiyini iddia edir. Bildirilir ki, həmin müddətdə onun gözləri bağlı halda dindirildiyi, təzyiq altında videoya çəkilən etiraf verməyə məcbur edildiyi söylənilir.

Hazırda Dubayda yaşayan keçmiş gimnastın övladlarını qaçırmaq ittihamı ilə cümə axşamı məhkəmə qarşısına çıxacağı qeyd edilir.

Vəkili Devid Heyq bildirib ki, hadisə mediada yayımlandıqdan sonra Dubay hakimiyyəti Cavadlıdan ictimai açıqlamalarını dayandırmasını istəyib. İddialara görə, bunun əvəzində ona qızları üzərində qəyyumluq hüququnu saxlaya biləcəyi vəd olunub.

Heyqin sözlərinə əsasən, Cavadlı yaşayış yerini itirib və ölkədən çıxışına yenidən qadağa qoyulub. Sosial şəbəkələrdə kömək istədiyi paylaşımlara görə ona qarşı kibercinayət ittihamlarının da irəli sürüldüyü bildirilir.

Zeynəb Cavadlı BMT-yə daha əvvəl də müraciət edib. 2022-ci ilin oktyabrında vəkil Rodni Dikson onun keçmiş həyat yoldaşı ilə uzun müddət davam edən qəyyumluq mübahisəsi fonunda Dubay hakimiyyətinin təzyiqlərinə məruz qalması barədə şikayət təqdim etmişdi.