QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, banklardan kredit ala bilməyən və təcili pula ehtiyacı olan bəzi şəxslər sələmə borc götürməyə üz tutur. Yüksək faizlə alınan pul qısa müddətdə böyük məbləğ təmin etsə də, borcun geri qaytarılması sonradan çətinlik yarada bilir. Cəmiyyətdə rast gəlinən bu praktika İslam dinində birmənalı qəbul olunmur.
Maddi sıxıntıda olan və bank krediti ala bilməyən şəxsin sələmə müraciətinin dini baxımdan necə qiymətləndirilməsi ilə bağlı Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Hacı Fuad Nurullayev danışıb. O, həm sələm verməyin, həm də sələm almağın İslamda qəti qadağan edildiyini bildirib.
Nurullayevin sözlərinə görə, Qurani-Kərimin “Ali-İmran” surəsinin 130-cu ayəsində bu əməlin qadağan olunması qeyd edilir. O vurğulayıb ki, sələm böyük günah sayılır və borc verən yalnız verdiyi məbləği geri tələb edə bilər.
QMİ rəsmisi qeyd edib ki, insan çətinliyə düşəndə də sələm götürməməli, yardım üçün başqa şəxslərə müraciət etməlidir. Birindən dəstək ala bilməyən şəxs başqasından kömək istəyə bilər; onun fikrincə, sonda yardım etməyə hazır olan biri tapılar.
Nurullayev əlavə edib ki, sələmə üz tutanların hamısı çıxılmaz vəziyyətdə olmur. Bəziləri ticarət və daha çox varlanmaq məqsədilə bu üsula əl atır. O bildirib ki, bu cür addımların nəticəsi çox vaxt faciəli olur.
QMİ rəsmisi hədislərdə sələm verən və alan şəxslərin günah qazandığının bildirildiyini, başqa bir rəvayətdə isə sələmçiliyin Allahla müharibəyə bənzədildiyini söyləyib. O, hər iki tərəfi bu əməldən uzaq durmağa çağırıb və sələm verməklə almağın haram, böyük günah olduğunu vurğulayıb.